• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb

Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
17.12.2025 13:29

Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi araşdırma aparılıb. Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində "Sizin imtahan nəticələriniz araşdırılır" bildirişi göstərilib. Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

"17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Bu qayda pozuntuları ilə bağlı 30 iyul tarixində kütləvi informasiya vasitələri üçün müvafiq açıqlama da verilmişdi.

Bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Hələ noyabrın 6-da buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan təqsirləndirilən bir qrup şəxs barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti tərəfindən müvafiq məlumat mediaya təqdim olunmuşdu və oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirilməsi qeyd edilmişdi. Qayda pozuntuları yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə imtahan sisteminin etibarlılığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna zərər vurur. Bu baxımdan Dövlət İmtahan Mərkəzi həmin cinayət işində zərərçəkmiş tərəf kimi çıxış edir.

Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər İslam Elşan oğlu Babayev, Ayxan İlham oğlu Məmmədov və Murad Mahir oğlu Məmmədovun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər. Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.

İstintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Gündüz Yaşar oğlu Abbasov və Kamran Alim oğlu Əsədovun da əməlləri üzə çıxıb. Artıq məlum olduğu kimi, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər.

Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylayıcı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində "VIP-smart" sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib. Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-a təyin olunub.

Əlavə məlumat üçün qeyd edək ki, araşdırmalar davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın 6.4.2-ci yarımbəndinə əsasən imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qayda pozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkar edilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə (imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Cəmiyyət 14:44
DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Cəmiyyət 13:52
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Cəmiyyət 13:29
Kamran Əsədovun cinayət işinin detalları açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:54
Sabahın hava proqnozu açıqlanıb
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Cəmiyyət 12:45
Bədii qiraətçi Nadir Hüseynov avtomobil qəzasında vəfat edib
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:26
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda məktəbdə müəllim vəfat edib
Cəmiyyət 11:02
Bakıda məktəbdə müəllim vəfat edib
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol