Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb
Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətini təmin edən adaptiv “ağıllı svetoforlar” quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib.
Məlumata görə, iki xarici ölkənin mütəxəssislərinin iştirakı ilə pilot layihəyə başlanılıb. İlkin mərhələdə Binəqədi rayonunda, Azadlıq prospekti–Cəfər Xəndan küçəsi kəsişməsində, eləcə də Cəfər Xəndan küçəsinin bir neçə digər kəsişməsində sistem sınaq rejimində işə salınıb.
Adaptiv svetoforlar sensorlar və kameralar vasitəsilə real vaxtda hərəkət intensivliyini ölçür və nəqliyyat yükünə uyğun olaraq yaşıl işığın müddətini avtomatik tənzimləyir. Pik saatlarda sıxlıq artan istiqamətlərə üstünlük verilir, qəza və yol bağlanmaları zamanı isə sistem prioritetləri dəyişir.
Rəsmilər bildiriblər ki, pilot layihənin nəticələrindən asılı olaraq “ağıllı svetoforlar”ın paytaxtın digər küçə və prospektlərində də tətbiqi nəzərdə tutulur.