Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.
İlqar Şakir oğlu Bayramlı 1975-ci il martın 28-də Bakı şəhərində anadan olub. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini başa vurub.
Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, sonrakı illərdə həm dövlət, həm də özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor olub.
Daha sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, Ağsu rayonunda fəaliyyət göstərən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrini icra edib.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində müdir müavini, 2024-cü ildən isə həmin şöbənin müdiri kimi fəaliyyət göstərən İlqar Bayramlı yeni təyinatadək bu vəzifəni tuturdu.
Aytac