Korrupsiya işi üzrə məhkum edilmiş sabiq direktor həbsdə vəfat edib
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə vəfat edib. Bu barədə Qafqazinfo məlumat yayıb.
Məlumata görə, məhkəmə onun ölümü ilə əlaqədar son müraciətə xitam verib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik kimi göstərilib.
Tanrıverdiyev külli miqdarda mənimsəmə, rüşvət alma və ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi əvvəlcə ona azadlığın məhdudlaşdırılması cəzası versə də, apellyasiya instansiyası prokurorun etirazını təmin edərək hökmü dəyişib və onu 6 il müddətinə azadlıqdan məhrum edib. Onun daşınmaz əmlakı da müsadirə olunub.
İş üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyanın 200 min manata yaxın olduğu bildirilirdi.