Cari ildə müxtəlif peşə ixtisasları üzrə TKTA-ya müraciət edənlərin sayı açıqlanıb
2025-ci ildə müxtəlif peşə ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminat Agentliyə ümumilikdə 368 müraciət daxil olub. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
O bildirib ki, müraciət edənlərdən 327 nəfər nəzəri və praktiki imtahanlara cəlb edilib.
"Qiymətləndirmə nəticəsində 207 nəfər uğur qazanaraq müvafiq peşə sənədi əldə edib., QFİTT üzrə qiymətləndirmə və tanınma prosesi müxtəlif qurumlarla əməkdaşlıq və layihələr çərçivəsində, eləcə də TKTА-nın və şəxsi maliyyə vəsaitləri hesabına həyata keçirilib. Belə ki, “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə icra olunan “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər imtahanlara cəlb olunub. Onlardan 76 nəfər müvafiq peşə sənədi alıb",o bildirib.
Sədr vurğulayıb ki, TKTА-nın maliyyə vəsaiti hesabına imtahanlara cəlb edilən 21 nəfərdən 6-sı, şəxsi vəsaiti hesabına müraciət edən 41 nəfərdən isə 30-u uğur qazanaraq sənədlə təmin olunub.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair 2024–2026-cı illəri əhatə edən Tədbirlər Planı çərçivəsində 141 nəfərin bilik və bacarıqları qiymətləndirilib. İmtahanlarda iştirak edən 66 nəfər uğurlu nəticə əldə edərək peşə sənədi alıb",- Əhmədov bildirib.
Aytac Zeynalova
Qeyd edilib ki, cari ildə QFİTT üzrə qiymətləndirilən peşə ixtisaslarının siyahısı genişləndirilib. Belə ki, “təmirçi-çilingər”, “qrafik dizayner”, “arıçı”, “kombi və kondisioner ustası”, “mebel ustası” ixtisasları əlavə olunmaqla tanınan peşələrin sayı 26-dan 31-ə çatdırılıb.
Ümumilikdə, həyata keçirilən qiymətləndirmə və tanınma mexanizmi vətəndaşların öz peşəkarlıqlarını rəsmi sənədlə təsdiqləməsinə, onların əmək bazarına çıxış imkanlarının genişlənməsinə və ölkədə peşəkar işçi qüvvəsinin formalaşmasına mühüm töhfə verir.