Rusiya ilə gərginlik fonunda Azərbaycan münasibətlərdə sabitliyi saxlayıb- XİN rəsmisi
Son bir ildə Azərbaycana məxsus təyyarənin vurulması ilə bağlı Rusiya ilə müəyyən gərginlik yaşansa da, iki ölkə arasında münasibətlərdə ümumi sabitlik təmin olunub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşlər vəziyyətin normallaşmasında həlledici rol oynayıb. Bayramov qeyd edib ki, təyyarənin vurulması faktının etiraf olunması ikitərəfli dialoqun davam etdirilməsinə və münasibətlərdə balansın qorunmasına imkan yaradıb.
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olub.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri İgor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb,sağ qalan ekipaj üzvləri Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
Gülnar Nazimqızı