Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 26-da davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz deyib.
O, çıxışında irəli sürülmüş ittihamlarla razılaşmadığını bildirib və ittiham tərəfinin mövqeyinə əks arqumentlərini səsləndirib.
D.İşxanyan insanların yaşadıqları ərazilərdən məcburi şəkildə çıxarılmasında, qanunsuz məskunlaşmada, minaların yerləşdirilməsində, təcavüzkar müharibənin planlaşdırılmasında, yeni hücum planlarının hazırlanmasında, soyqırımında, mülki əhalinin məhv edilməsində, müharibə qanunlarının pozulmasında, mülki əhalinin təqibində, insanların girov götürülməsində, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmədə, işgəncə verilməsində, mülki şəxslərin qətlində, əmlakların talan edilməsində, cinayətkar birliyin tərkibində olmaqda, silah-sursatın qanunsuz daşınmasında və s. cinayətlərdə iştirak etmədiyini iddia edib.
Təqsirləndirilən şəxs 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi barədə də danışıb. O, Azərbaycana məxsus, içərisində yüksəkvəzifəli şəxslərin olduğu vertolyotun partlaması hadisəsinin qəza olduğunu iddia edib.
D.İşxanyan çıxışında əsir və girovlarla bağlı ittiham aktında yer almış məqamlara da toxunub. O qeyd edib ki, azərbaycanlı əsir və girovlarla təması olmayıb.
“Özümü təqsirkar hesab etmirəm, mən hansısa cinayət törətməmişəm”, - deyə D.İşxanyan çıxışının sonunda bildirib.
Sədrlik edən Z.Ağayev bununla da son söz çıxışlarının yekunlaşdığını deyib. O, tərəflərə (ittiham tərəfi, zərərçəkmiş tərəf və müdafiə tərəfi) müraciət edərək hökm layihəsi təqdim edib-etməyəcəklərini soruşub. Tərəflər hökm layihəsi təqdim etməyəcəklərini bildiriblər.
Bundan sonra sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.
Məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.