AQTA: Bayram süfrəsindən qalan yeməklərin dəfələrlə qızdırılması təhlükəlidir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbərdarlıq edir ki, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanan yeməklər süfrədə iki saatdan artıq qalmamalıdır. Otaq temperaturunda açıq saxlanmış yeməklərin sonradan yenidən qızdırılıb istehlak edilməsi sağlamlıq üçün təhlükəlidir.
Mütəxəssislər qeyd edir ki, xüsusilə bayat plov düzgün saxlanmadıqda “Bacillus cereus” bakteriyasının sporları çoxalaraq toksin istehsal edə bilər və qida zəhərlənməsinə səbəb ola bilər. Belə hallarda şiddətli ürəkbulanma, qusma və qarın ağrısı müşahidə olunur. Dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar da mikroorqanizmlərin riskli mənbəyi sayılır.