DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.
Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.
İdarə sürücülərə duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamağı, sürət həddini görünüş məsafəsinə uyğun seçməyi, qəfil manevrlərdən və ötmələrdən çəkinməyi və öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamasını tövsiyə edib. Ehtiyac olmadıqda dumanlı hava şəraitində səfərlərin təxirə salınması da vurğulanıb. Qəza və dayanma zamanı qəza işıqları və xəbərdaredici nişanlardan istifadə etmək məsləhət görülüb.
Piyadalara isə yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıqəks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Qeyd edilib ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.
BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb və bildirib ki, bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.