Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
Azure plazaya daxil olarkən vətəndaşdan şəxsiyyət vəsiqəsini təqdim etməsi tələb olunub. Ona izah edilib ki, vəsiqə təqdim olunmazsa, plazanı tərk etməlidir. Bu barədə adının açıqlanmasını istəməyən vətəndaş Anews.az-a şikayətində bildirib.
Vətəndaş bunun qanunsuz olduğunu düşünür.
Hüquqşünas Xəyal Bəşirov qeyd edir ki, vətəndaşlardan şəxsiyyət vəsiqəsinin götürülməsi heç bir halda qanuni deyil.
“Şəxsiyyət vəsiqəsi dövlət sənədidir və heç bir halda vətəndaşın özündən alınaraq saxlanıla bilməz. Dövlət qurumlarında və bank kimi əməliyyatlarda qısa müddət üçün götürülməsi başqa məsələdir. Lakin plazaların qeydiyyat bölümündə saatlarla qalması qanuna ziddir. Vətəndaşlar könüllü şəkildə vəsiqəni təqdim etsələr, bu, verənin məsuliyyətini də artırır,” – hüquqşünas vurğulayıb.
O əlavə edib ki, vətəndaşlar vəsiqəni təqdim etməkdən imtina edə bilərlər və plazalar bu qaydaları zorla tətbiq edə bilməz. Əks halda vəsiqə ilə qanunsuz əməliyyatlar aparıla bilər.
Araşdırmamız zamanı mövzuya uyğun olaraq bəzi plazalarla da əlaqə saxladıq:
Azure Plaza: Ziyarətçilərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Vəsiqə, görüş başa çatdıqdan sonra geri qaytarılır.
Dəmirçi Plaza və Çıraq Plaza: Ziyarətçilərdən vəsiqə tələb olunmur; giriş QR kod sistemi ilə aparılır.
Landmark Business Center: Vəsiqə tələb olunur, məlumatlar sistemə daxil edilir və sonra geri qaytarılır.
ISR Plaza: Giriş üçün vəsiqə tələb olunur, alternativ olaraq ofisin əməkdaşı ziyarətçini qarşılayır.
Caspian Plaza: Vəsiqə təqdim olunmalıdır, qeydiyyat aparıldıqdan sonra qaytarılır.
Bridge Plaza: Vəsiqə tələb olunmur.
Azərbaycan Respublikasının “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında” Qanununa əsasən, vəsiqə yalnız sahibinin şəxsiyyətini təsdiq etmək üçün istifadə edilə bilər. Hər hansı təşkilat və ya fiziki şəxs vəsiqəni daimi olaraq saxlayıb istifadə edə bilməz.
Aytac Zeynalova