Binəqədidəki yanğında 13 məcburi köçkün ailəsinə ziyan dəyib - Yenilənib
Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxananın binasında baş verən yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəyib.Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, yanğın barədə məlumat daxil olduqdan sonra Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib:
"Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur".
***
Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğından 30 nəfər bina sakini təxliyə edilib, 3 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil. Səbəb barədə araşdırmadan sonra məlumat veriləcək”, qərargah rəisi əlavə edib.
****
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
15:16
Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.