“Dərnəgül” depo ərazisində metro tunellərində əsas yol işləri tamamlanıb
Bakı metrosunun “Dərnəgül” elektrik deposu ərazisində tunellərdə yol infrastrukturu üzrə əsas işlər başa çatdırılıb, hazırda isə yol infrastrukturuna daxil olan digər texniki elementlər üzərində işlər davam etdirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun “Report”a verdiyi məlumata görə, layihə paytaxtın nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, işlərin prioritet ardıcıllıqla təşkili çərçivəsində piyada və avtomobil tunellərinin açıq üsulla inşası üçün zəruri şərait yaradılıb.
Məmmədov bildirib ki, aprel ayına qədər depo ərazisinə aid işlərin tamamlanması planlaşdırılır. Həmin müddətdə deponun iki hissəsinin dəmir yolu ilə əlaqələndirilməsi yekunlaşacaq və layihənin birinci mərhələsi üzrə işlər başa çatdırılacaq.
Eyni zamanda qatarların təmiri, dayanması və texniki baxışı üçün nəzərdə tutulan sahənin inşası da davam edir.
Qeyd olunub ki, depo ərazisində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına uyğun olaraq avtomobil və piyada ötürücü tunelin inşası açıq üsulla həyata keçirilir.