20 Yanvar faciəsinin 36-cı ildönümü bir dəqiqəlik sükutla anılıb
Saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut elan edilib.
Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkətdə olan avtomobillər səs siqnalları verərək faciə qurbanlarının xatirəsini yad ediblər.
Eyni zamanda, Bakı metrosunda qatarların fit səslərinin müşayiəti ilə hərəkət dayandırılıb və bir dəqiqəlik sükut keçirilib.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda və respublikanın digər bölgələrində törətdiyi qanlı hadisələr nəticəsində onlarla dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb. 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin dönüş nöqtələrindən biri hesab olunur.