Deputat: Bərdəyə yaxın ərazidə tullantıların yandırılması ekoloji təhlükə yaradır
Milli Məclisin deputatı Fatma Yıldırım Bərdəyə yaxın ərazidə təxminən 200 min nəfərə yaxın əhalinin məişət tullantılarının toplanaraq yandırıldığını bildirib və bunu ciddi ekoloji təhlükə kimi qiymətləndirib.
Deputatın sözlərinə görə, aidiyyəti qurumlar problemin mövcudluğunu etiraf edərək yalnız cərimə tətbiq edildiyini bildirirlər, lakin bu tədbirlər real həllə gətirib çıxarmır. Yıldırım qeyd edib ki, vəziyyətin şahidi olub və Bərdənin kəskin, dözülməz qoxu ilə əhatə olunduğunu deyib.
“Bu, təkcə əhalinin həyat keyfiyyətinə deyil, ətraf mühitin və ekologiyanın qorunmasına birbaşa təhlükədir. Burada sadə inzibati tədbirlər kifayət etmir, kompleks və sistemli həll tələb olunur”, – deputat vurğulayıb.
Onun sözlərinə görə, məsələ tullantıların idarə olunmasına dair müzakirələr zamanı ayrıca gündəlik maddə kimi qaldırılacaq və problemin səbəbləri, eləcə də alternativ həll mexanizmləri aydınlaşdırılacaq.
Azərbaycanda məişət tullantılarının idarə olunması ekoloji siyasətin əsas istiqamətlərindən biri hesab olunur. Ekspertlər açıq ərazilərdə tullantıların yandırılmasının hava çirklənməsi, torpaq və yeraltı sular üçün uzunmüddətli risklər yaratdığını bildirirlər.
Gülnar Nazimqızı