Deputat: Vətəndaş müraciətlərinə şablon cavablar qanunla məhdudlaşdırılmalıdır
Milli Məclisin deputatı Razi Nurullayev vətəndaşların dövlət qurumlarına ünvanladığı müraciətlərə verilən formal və şablon cavabların qanunvericiliklə tənzimlənməsinin vacibliyini bildirib.
Deputatın sözlərinə görə, bir çox hallarda dövlət qurumlarından daxil olan cavablar müraciətin mahiyyətini əhatə etmir və real problemi həll etmir.
“Vətəndaşa formal cavab verilməsi məhdudlaşdırılmalıdır. Bu məsələ qanunla tənzimlənməlidir”, — o vurğulayıb.
Nurullayev regional səviyyədə insan hüquqlarının pozulması hallarının daha çox qeydə alındığını bildirərək, Ombudsmanın bölgələrdə fəaliyyət göstərən nümayəndələrinin səlahiyyətlərinin artırılmasını təklif edib.
Onun fikrincə, regional ombudsman nümayəndələrinə yoxlama və araşdırma aparmaq səlahiyyətlərinin verilməsi hüquq pozuntularının qarşısının alınmasına töhfə verə bilər.
Deputat, həmçinin borclu vətəndaşların hüquqlarının ayrıca qanunla tənzimlənməsinin vacib olduğunu qeyd edib.
O bildirib ki, bir sıra qonşu ölkələrdə borcluların hüquqlarını qoruyan xüsusi qanunvericilik mövcuddur və bu təcrübənin Azərbaycanda da tətbiqi məqsədəuyğundur.
Gülnar Nazimqızı