Bakı–Laçın avtobus reysi fəaliyyətə başlayıb
Bu gündən Bakı–Laçın istiqamətində müntəzəm avtobus reysi fəaliyyətə başlayıb və marşrut Laçın–Həkəri–Zəngilan yolu ilə həyata keçirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da Laçına, əks istiqamətdə isə saat 16:00-da yola düşəcək. Bakı–Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib.
Marşrut üzrə aralıq dayanacaq Zəngilan rayonunun Ağalı kəndidir. Bu istiqamətdə gedişhaqqı 13,80 manat təşkil edir.
Biletlər yalnız onlayn qaydada əldə olunur. İşğaldan azad edilmiş ərazilərə səfər üçün buraxılış icazəsi isə bilet alışı zamanı avtomatik təqdim edilir.