Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
Arıçılıq təsərrüfatının inkişafı üçün bir sıra ölkələrdə müxtəlif rəqəmsal və texnoloji modullar tətbiq olunur və bu təcrübələrin Azərbaycanda da istifadəsi faydalı ola bilər. Bunu deputat Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, bu sahədə əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır.
Deputat qeyd edib ki, Azərbaycanda bakalavr səviyyəsində arıçılıq üzrə ayrıca ixtisas yoxdur və bu sahədə təhsil imkanları yaradılmasa, gələcəkdə arıçılığın inkişafında geriləmə yarana bilər.
Həmzəyev həmçinin Kəlbəcər balı adı altında satışa çıxarılan məhsullara nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bazarda satılan balın əhəmiyyətli hissəsi Kəlbəcər balı kimi təqdim olunur
“Demək olar ki, hər üç bal satandan ikisi məhsulunun Kəlbəcər balı olduğunu deyir”, - o deyib.
Deputat bildirib ki, bu məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən daha ciddi nəzarət edilməlidir.
Gülnar Nazimqızı