TƏBİB müəssisələrində fevralda göstərilən tibbi xidmətlərin sayı 17% artıb
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bu ilin fevralında ümumilikdə 8 milyon 365 min 56 tibbi xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
TƏBİB-in yaydığı məlumata görə, göstərilən xidmətlərin 1 milyon 55 min 30-u stasionar, 7 milyon 310 min 26-sı isə ambulator olub.
Hesabat dövründə tibb müəssisələrinə ümumilikdə 2 milyon 272 min 189 müraciət qeydə alınıb. Onlardan 42 min 913-ü stasionar, 2 milyon 229 min 276-sı ambulator müraciətlər olub. Müraciətlərin ümumi sayı 2025-ci ilin eyni ayı ilə müqayisədə 13% artıb.
Fevralda laborator xidmətlərdə də artım müşahidə olunub. Belə ki, tibb müəssisələrində 3 milyon 565 min 573 laborator müayinə aparılıb. Bunun 552 min 649-u stasionar, 3 milyon 12 min 924-ü isə ambulator xidmətlərin payına düşüb. Laborator müayinələrin ümumi sayı illik müqayisədə 20% artıb.
Bundan başqa, ay ərzində 29 min 519 cərrahi əməliyyat və prosedur icra olunub. Onlardan 28 min 123-ü stasionar, 1 396-sı isə ambulator qaydada həyata keçirilib. Cərrahi əməliyyat və prosedurların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım göstərib.
Aytac Zeynalova