Azərbaycanda vəkillərə ödənilən vəsait 27,1 milyon manatı ötüb
Azərbaycanda ötən il vəkillərlə bağlanmış müqavilələr əsasında ümumilikdə 27 milyon 173 min 454,83 manat vəsait ödənilib. Bu barədə Vəkillər Kollegiyasından bildirilib.
Məlumata görə, 2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı ümumiləşdirilib. Təhlillər göstərir ki, Kollegiyanın tərkibində 144 vəkil bürosunda 2 676 vəkil fəaliyyət göstərir, əlavə olaraq 150 vəkil fərdi qaydada çalışır.
Hesabat dövründə ödənişli əsaslarla (məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13 469 fiziki və 1 770 hüquqi şəxs olmaqla, ümumilikdə 15 239 şəxsə hüquqi yardım göstərilib. Bununla yanaşı, 10 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin olunub.
Eyni zamanda, il ərzində 71 038 fiziki və 13 856 hüquqi şəxslə ümumilikdə 84 894 müqavilə bağlanılıb. Bu müqavilələr üzrə fiziki şəxslər 22 milyon 83 min 185,94 manat, hüquqi şəxslər isə 5 milyon 90 min 268,89 manat ödəyib.
Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı icra edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 milyon 999 min 874,51 manat vəsait ödənilib.
Aytac