Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.Bu barədə nazirlikdən məlumat verilib.
Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü" keçirilib.
Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.
Görüşdə, həmçinin Azərbaycan - Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.