Dini tənqid etdi, 10 sutka həbs olundu
TikTok platformasında “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov sosial şəbəkələrdəki paylaşımlarına görə polis əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs edilib.
Məlumata görə, Bağırovun sosial şəbəkələrdə radikal dini məzmunlu paylaşımlar etdiyi və ateizmə qarşı çağırışlar səsləndirdiyi iddia olunur.
Qəbələ Rayon Polis Şöbəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Həmin maddə internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur.
Həmin maddə həmçinin əxlaqsız ifadələrin səsləndirilməsini, belə məzmun təəssüratı yaradan jestlərin edilməsini və ya insan bədəninin ayrı-ayrı hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsini əhatə edir.
Məhkəmənin qərarı ilə Məqsəd Bağırov 10 sutka müddətinə inzibati həbs olunsa da məhkəmənin onun hansı konkret ifadə və ya paylaşımlarını qanun pozuntusu hesab etdiyi barədə ətraflı məlumat açıqlanmayıb.
Bağırovun həbsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirərək həbs qərarını ədalətsiz sayırlar.
Digər istifadəçilər isə hesab edirlər ki, hüquq-mühafizə orqanlarının müdaxiləsi olmasaydı, blogerin ünvanına yarana biləcək mümkün təhlükələrin qarşısını almaq çətin olardı.
Yazıçı Kəramət Böyükçöl bildirib ki, Bağırovun və oxşar hallarda saxlanılan digər şəxslərin həbs səbəbləri barədə dəqiq məlumata malik deyil. Bununla belə, o, Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinə və ədalətliliyinə etimad etmədiyini deyib.
“Düzü, bilmirəm o adamları nə üçün həbs ediblər. Amma Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığı üçün mənə elə gəlir ki, hamını günahsız yerə tuturlar — dindarı da, ateisti də”, — Böyükçöl bildirib.
Yazıçı Aqşin Yenisey isə izlədiyi paylaşımlarda “Çevik”in təhqiredici ifadələr işlətdiyinin şahidi olmadığını deyib. Onun sözlərinə görə, ictimai müzakirələrdə konkret videogörüntülər təqdim edilmədən ittihamların irəli sürülməsi düzgün deyil.
Yenisey bildirib ki, Azərbaycan cəmiyyətində din və milli kimlik məsələləri bir-birindən fərqləndirilməlidir. O, İslamın Azərbaycanda tarixi yayılmasına toxunaraq, dini kimliyin milli kimlikdən üstün tutulmasını doğru hesab etmədiyini deyib.
Onun fikrincə, Azərbaycan aydınlarının mübarizəsi dinə qarşı deyil, dini alətə çevirərək müxtəlif ideoloji məqsədlər güdən qruplara qarşı yönəlib.
Yenisey bildirib ki, İslamın və digər dinlərin bəşəri dəyərləri qorunmalı və təbliğ edilməli, eyni zamanda milli kimlik dövlətçiliyin əsas prinsipi olaraq saxlanılmalıdır.
“Biz bu dövləti milli kimlik üzərində inşa etmişik. Maraqlı güclər dini kimliyi önə çıxarmaq istəyirlər ki, bu da bizim dövlət maraqlarımıza ziddir. Hər bir azərbaycanlı bilməlidir ki, öncə Azərbaycan türküdür, sonra istəyirsə müsəlman, xristian və ya buddist olsun. Buna kimsənin qarışacağı yoxdur və ola da bilməz”, — Yenisey deyib.
Hüquqşünas Rəsul Cəfərov bildirib ki, bu kimi işlərdə söz və ifadə azadlığı ilə digər fundamental hüquq və azadlıqlar, o cümlədən vicdan və dini etiqad azadlığı qarşılıqlı şəkildə qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasında və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda belə işlərin qiymətləndirilməsi üçün konkret meyarlar mövcuddur. Hər bir işdə hansı hüququn üstün tutulması hadisənin konkret hallarından asılı olaraq müəyyən edilməlidir.
Cəfərov qeyd edib ki, ilk növbədə yayılan məlumatın xarakteri və ictimai əhəmiyyəti nəzərə alınmalıdır.
Onun sözlərinə görə, ifadələr cəmiyyət üçün əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə xidmət edirsə, onlar söz və ifadə azadlığı çərçivəsində qiymətləndirilə bilər. Lakin söhbət ictimai əhəmiyyət daşımayan, yalnız təhqir və ya dedi-qodu xarakterli məzmundan gedirsə, belə ifadələrin hüquqi müdafiəsi daha məhdud ola bilər.
Hüquqşünas bildirib ki, qiymətləndirilməli olan digər mühüm məsələ dövlətin tətbiq etdiyi müdaxilənin xarakteri və ağırlığıdır.
O qeyd edib ki, inzibati həbs insan hüquq və azadlıqlarını ciddi şəkildə məhdudlaşdıran tənbeh tədbiridir. Buna görə də belə cəzanın tətbiqinin zəruriliyi və proporsionallığı hər bir konkret iş üzrə ayrıca və əsaslandırılmış şəkildə qiymətləndirilməlidir.
“Çox ciddi şəkildə qiymətləndirilməlidir ki, səsləndirilən ifadələrə görə 10 sutkalıq inzibati həbs verilə bilərdimi, yoxsa yox. Tətbiq edilən tənbeh tədbiri həmin ifadələrə adekvatdırmı, deyilmi — bu araşdırılmalıdır”, — Cəfərov bildirib.
Onun sözlərinə görə, hüquqi qiymətləndirmə aparmaq üçün ilk növbədə məhkəmə qərarının tam mətni ilə tanış olmaq lazımdır.
Cəfərov deyib ki, yalnız məhkəmənin hansı konkret ifadələri və ya paylaşımları qanun pozuntusu hesab etdiyi məlum olduqdan sonra həmin ifadələrin söz azadlığının müdafiə dairəsinə daxil olub-olmadığını müəyyənləşdirmək mümkündür.
Hüquqşünas əlavə edib ki, Bağırovun ifadələri başqa şəxslərin dini etiqad və vicdan azadlığını alçaltmağa, onları təhqir və ya nüfuzdan salmağa yönəlibsə, bu halda məhkəmə qərarı əsaslı hesab oluna bilər.
Əksinə, ifadələr ictimai əhəmiyyət daşıyan mövzunun müzakirəsi çərçivəsində səsləndirilibsə və tənqidin qəbul edilən sərhədlərini aşmayıbsa, inzibati həbs adekvat və proporsional cəza kimi qiymətləndirilməyə bilər.
Cəfərovun fikrincə, yekun hüquqi nəticəyə gəlmək üçün məhkəmə qərarında göstərilən əsasların, qanun pozuntusu hesab edilən konkret ifadələrin və işin digər hallarının ictimaiyyətə açıqlanması vacibdir.
Aytac Zeynalova