Ekspres avtobusların gediş haqqısı müzakirəyə çıxarılır - ictimai dinləmə keçiriləcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və "Bakı Metropoliteni" QSC "28 May" və "Nizami" stansiyaları arasında metro hərəkətinin dayandırılması dövründə təşkil olunacaq ekspres avtobus marşrutlarında tətbiq ediləcək 60 qəpik gediş haqqı ilə bağlı ictimai dinləmə keçirəcək.
Anews.az-ın əldə etdiyi məlumata görə, dinləmədə dövlət qurumlarının nümayəndələri, nəqliyyat üzrə ekspertlər və ictimaiyyət təmsilçiləri iştirak edəcəklər.
Müzakirələr "Bakı Metropoliteni"nin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin tikinti işləri başa çatanadək dayandırılması fonunda təşkil ediləcək alternativ sərnişindaşıma və tarif siyasətinə həsr olunacaq.
Məlumata görə, ictimai dinləmədə ekspres avtobuslarda gediş haqqının təşkili ilə bağlı bir neçə alternativ variantın təqdim olunacağı gözlənilir. Müzakirələrin yekununda səsləndirilən təkliflərin qiymətləndirilməsi nəzərdə tutulur.