• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank mənfəətini artırsa da, depozit bazası azalır və kredit riskləri yüksəlir

AccessBank mənfəətini artırsa da, depozit bazası azalır və kredit riskləri yüksəlir
05.08.2026 09:55

Nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının səhmdarı olduğu AccessBank 2026-cı ilin ilk yarısını 28,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% artsa da, maliyyə hesabatı bankın bütün göstəricilərinin eyni istiqamətdə dəyişmədiyini göstərir. Kredit portfeli böyüyüb, lakin depozit bazası azalıb, əməliyyat xərcləri yüksəlib və problemli kreditlərin həcmi artmaqda davam edib. Bu barədə bankın rəsmi saytında açıqladığı hesabatda bildirilib. 

Aktivlər tərəfində əsas artım drayveri kredit portfeli olub. Son bir ildə bankın kreditləri 12,8% artaraq 1,22 milyard manatdan 1,38 milyard manata yüksəlib. Bu dinamika faiz gəlirlərini də artıraraq 141 milyon manata çatdırıb. Lakin diqqət çəkən məqam odur ki, ilin əvvəlindən bankın cəmi aktivləri  0,8% artıb. Bu dinamika kredit portfelinin genişlənməsinin qismən yüksək likvidli aktivlərin azalması hesabına maliyyələşdirildiyini göstərir.

Kreditləşmənin böyüməsi bank üçün əvvəlkindən daha baha başa gəlir: depozitlər və cəlb olunmuş kreditlər üzrə faiz xərcləri faiz gəlirlərindən daha sürətlə artıb ki, bu da kreditləşmənin maya dəyərinin yüksəldiyinə dəlalət edir.

Əməliyyat effektivliyi və gəlirlərin strukturu

Gəlirlərin artması fonunda əməliyyat xərclərinin yüksəlməsi bankın əməliyyat səmərəliliyinə təzyiq yaradır. Hesabat dövründə bankın əməkhaqqı xərcləri 17,6%, inzibati xərcləri isə 9,6% artıb. Ümumilikdə əməliyyat xərclərinin artım tempinin xalis faiz gəlirinin artımını (14,8%) üstələməsi bankın mənfəəti artırmaq üçün daha çox resurs sərf etdiyini göstərir.

Eyni zamanda, qeyri-faiz gəlirlərinin məhdud artımı AccessBank-ın biznes modelinin hələ də əsasən faiz marjasından asılı qaldığını təsdiqləyir. Qeyri-faiz xərcləri çıxıldıqda net komissiya gəlirləri aşağı səviyyədə qalır ki, bu da gəlir mənbələrinin diversifikasiyasını məhdudlaşdırır.

Mənfəətin artmasına təsir edən digər amil isə kreditlər üzrə ehtiyatlara ayırmaların azalması olub.

Bank ötən ilin ilk yarısında mümkün zərərlər üçün 8,1 milyon manat ayırdığı halda, bu ilin eyni dövründə həmin məbləğ 6,2 milyon manata enib. Bu fərq mənfəət göstəricisinə əlavə dəstək verib.

Maliyyələşmə strukturu və depozit axını

İlin əvvəlindən depozitlər 47,8 milyon manat azaldığı halda, kredit təşkilatları və digər maliyyə institutlarından cəlb olunan vəsaitlər 26 milyon manat artaraq 361,5 milyon manata çatıb. Qeyd edək ki, bank hesabatında bu vəsaitlərin konkret hansı təşkilatlardan (məsələn, AYİB, IFC və ya yerli fondlar) nə qədər cəlb olunduğunu ayrı-ayrılıqda təfərrüatı ilə açıqlamır.

Depozitlərin azalması fonunda digər maliyyə institutlarından cəlb olunan vəsaitlərin artması bankın maliyyələşmə strukturunda institusional borclanmanın payının yüksəldiyini göstərir. Mərkəzi Bankın statistikasına görə, 2026-cı ilin ilk yarısında bank sektorunda əhalinin əmanətləri artmaqda davam edib. Bu baxımdan AccessBank-da depozit bazasının kiçilməsi ümumi bazar tendensiyası ilə üst-üstə düşmür və daha çox bankın öz maliyyələşmə strukturu ilə bağlı görünür.

Kredit riskləri və kapital buferi

Kredit portfelinin keyfiyyəti də tam birmənalı deyil. Bir ildən artıq gecikmiş kreditlərin həcmi 37,1 milyon manatdan 50,4 milyon manata yüksəlib.

Eyni zamanda bankın yaratdığı xüsusi ehtiyatlar artıb, lakin dövr ərzində ehtiyatlara yeni ayırmalar azalıb. Bu, problemli kreditlərin tam nəzarətdən çıxdığını göstərmir, amma kredit riskinin zəifləməsi barədə danışmağa da əsas vermir.

Bunun əvəzində bankın kapital mövqeyi güclənib. Məcmu kapital bir il ərzində 206 milyon manatdan 263 milyon manata yüksəlib, kapital adekvatlığı isə tənzimləyicinin minimum tələblərindən xeyli yüksək qalır.

AccessBank-ın səhmdar kapitalında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB / EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Asiya İnkişaf Bankı (ADB) kimi beynəlxalq maliyyə institutlarının paya malik olması bankın institusional dayanıqlığını dəstəkləyən əsas amillərdəndir.

Bir sözlə AccessBank hələ də yüksək kapitallaşma və beynəlxalq səhmdar strukturu hesabına riskləri qarşılamaq imkanını qoruyur. Lakin depozit bazasının daralması, maliyyələşmənin bahalaşması və problemli kreditlərin artması bankın ikinci yarımildə əsas izlənilməli indicatorları olacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
İqtisadiyyat 16:39
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
İqtisadiyyat 15:51
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
İqtisadiyyat 15:43
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
İqtisadiyyat 15:15
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
İqtisadiyyat 14:53
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol