Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirinin əvvəlki illərlə müqayisədə artacağı, onun maliyyələşdirilməsində isə əsasən borclanma mənbələrinə üstünlük veriləcəyi proqnozlaşdırılır. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsində kəsirin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən 140 milyon manat daxilolma nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə təxminən 12% çoxdur.
Palata sədri qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə proqnoz artıq 97,7% icra olunub.
Gülməmmədov subsidiyaların uçotunda tətbiq edilən yanaşmaya da diqqət çəkib. Bildirib ki, ötən ildən bəzi hallarda subsidiya xarakterli xərclər müvafiq subsidiyalar sətrində deyil, iqtisadi təsnifatın digər sətirlərində əks etdirilir.
Onun sözlərinə görə, Hesablama Palatası bu yanaşmanın mümkün təsirlərini əvvəlki rəylərində də qeyd edib və subsidiyaların məbləğlərinin planlaşdırılması sənədlərinin hazırlanmasında vahid yanaşmanın tətbiqini zəruri hesab edir.
Palata sədri, həmçinin büdcə hesabatlılığında aşkarlanan uyğunsuzluqlarla bağlı məlumatların Maliyyə Nazirliyinə təqdim edildiyini bildirib. Onun fikrincə, qanun layihəsinə təsir edən əsas uyğunsuzluqların bir hissəsi büdcə müzakirələri zamanı müvafiq köməkçi bölmələrə düzəlişlər edilməklə aradan qaldırıla bilər.

Son xəbərlər 
Daha çox 























