Maka Boçorişvili: Azərbaycanla Gürcüstan Cənubi Qafqazın potensialından tam istifadə olunmasına dəstək verəcək

Azərbaycan və Gürcüstan birgə səylərlə Cənubi Qafqazda nəqliyyat-logistika dəhlizlərinin inkişafına, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və regionun potensialından tam istifadə olunmasına dəstək verəcək. Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat üçün brifinqdə deyib.
O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri çoxillik dostluğa, qarşılıqlı hörmətə, etimada, suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır.
Nazir vurğulayıb ki, hər iki ölkə beynəlxalq hüququn fundamental prinsiplərini ardıcıl şəkildə dəstəkləyir və onların möhkəmləndirilməsi istiqamətində fəal əməkdaşlıq edir.
Boçorişvilinin sözlərinə görə, görüşdə təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
Gürcüstanın XİN rəhbəri gələn ilin əvvəlində azərbaycanlı həmkarını Tbilisidə qəbul etməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, regionda mövcud geosiyasi vəziyyət fonunda Azərbaycan və Gürcüstan arasında intensiv məsləhətləşmələrin və siyasi dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

























