Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 9 ayda 900 milyon dolları ötüb

2026-cı ilin doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, ötən il qeydə alınan ticarət dövriyyəsi göstəricisi artıq cari ilin doqquz ayında üstələnib.
Onun sözlərinə görə, ilin yekununda iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarını keçəcəyi gözlənilir.
Bayramov qeyd edib ki, mövcud iqtisadi potensial əldə olunan nəticələrdən xeyli yüksəkdir və bu istiqamətdə işlər davam etdirilir.
Nazir, həmçinin Azərbaycanın Gürcüstan iqtisadiyyatına indiyədək 4 milyard ABŞ dollarından artıq investisiya yatırdığını bildirib. Bu vəsaitin 2,1 milyard dolları SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən müxtəlif layihələrə yönəldilib.
Bununla yanaşı, Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 460 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.
Bayramov iki ölkə arasında əməkdaşlığın müxtəlif üçtərəfli formatlarda da uğurla davam etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün 2027-ci ildə Gürcüstanda keçirilməsi nəzərdə tutulur. Bu ilin iyun ayında isə belə bir görüş İstanbulda baş tutub.

























