Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib

Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə 35 tövsiyə irəli sürüb. Palatanın əvvəlki rəylərində qaldırılan məsələlərin bir hissəsi isə aradan qaldırılıb. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı son iki ayda Maliyyə Nazirliyi ilə intensiv müzakirələr aparılıb. Müzakirələrin nəticəsində büdcə zərfində dəqiqləşdirmələr və əlavələr edilib.
“2027-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı rəyin tərtibi zamanı şərh etdiyim məsələlərin bir hissəsi aradan qaldırılmış və rəydə bununla bağlı 24 halda məlumat verilmişdir”, - Vüqar Gülməmmədov qeyd edib.
Palata sədri dövlət maliyyəsinin idarə edilməsi və qanunvericilik aktlarında dəyişikliklərlə bağlı müzakirələrin davamlı xarakter daşıdığını vurğulayıb.
Gülməmmədov bildirib ki, Hesablama Palatası dövlət büdcəsinin gəlirləri, xərcləri və kəsiri ilə bağlı rəydə əksini tapmış məqamların nəzərə alınması şərtilə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılmasını tövsiyə edir.
























