Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Argentinaya işgüzar səfəri çərçivəsində ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə görüşüb.Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Görüşlərdə Azərbaycan ilə Argentina arasında hüquqi əməkdaşlığın inkişafı, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi və cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı məsələlər müzakirə olunub.
Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına önəm verildiyini bildirib.
Baş prokuror Azərbaycanda korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi, həmçinin prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Tərəflər korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər formalarına qarşı birgə mübarizə, təcrübə mübadiləsi və beynəlxalq hüquqi əməkdaşlığın digər istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşlərdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərlərinin və birgə təlimlərin təşkili, həmçinin cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyası və İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşlərdə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov da iştirak edib.
Son xəbərlər 
Daha çox 























