Cəmiyyətimizdəki aqressiya, yaxud son hadisələr barədə bir neçə sözKÖŞƏ

11:25 | 17.08.2015
Cəmiyyətimizdəki aqressiya, yaxud son hadisələr barədə bir neçə söz – KÖŞƏ

Cəmiyyətimizdəki aqressiya, yaxud son hadisələr barədə bir neçə sözKÖŞƏ

Rüstəm qasımov

Şəhərimizi silkələyən son hadisə göstərdi ki, cəmiyyətimizdə aqressiya son sürətlə yayılmaqda davam edir, qəddarlıq, kobudluq və həyasızlıq bizim bəzi vətəndaşlarımızın xarakterik xüsusiyyətlərinə çevrilir, onlar hətta günahsız insanın ölümüylə nəticələnən hərəkətlər etməyi belə özlərinə rəva bilirlər. 

Jurnalist Rasim Əliyevin faciəvi ölümüylə bağlı bir neçə kəlmə

8 avqustda Bakı sakini Əliyev Rasim Məmmədəli oğlu Bayıl qəsəbəsində bir qrup naməlum şəxs tərəfindən döyüldü. Çoxsaylı bədən xəsarətləri alan Rasim Klinik Tibbi Mərkəzə yatırıldı, 9 avqustda isə orada vəfat etdi. Faktla bağlı Bakı prokuraturasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 maddəsiylə (Sağlamlığa qəsdən ağır zərər vurmaqla insan ölümünə səbəb olma) cinayət işi açılıb və polis xüsusi əməliyyat qrupu yaradıb. Bu cinayət işi prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Axtarış əməliyyat tədbirləri nəticəsində futbolçu Cavid Hüseynov daxil olmaqla, 6 nəfər həbs edilib. DİN və Azərbaycan Baş prokurorluğunun birgə bəyanatına əsasən, E. İsmayılov, S. Mustafayev, D. Məmmədov, K. Mədətov və A. Əliyev cinayət məcəlləsinin 126.3 maddəsiylə ittiham edilirlər, onlar barəsində həbs qəti imkan tədbiri seçilib. 

Cinayətdə ittiham edilən futbolçu Cavid Hüseynov və onun yaxın qohumu həbs ediliblər. Hüseynov barəsində cinayəti bilib gizlətmək maddəsiylə cinayət işi açılıb. Operativ əməliyyat qrupu cinayətin Cavid Hüseynovun təhrikiylə törədilməsi versiyasını da araşdırır. 

İlkin araşdırmalardan sonra məlum olub ki, Cəbrayıl rayon sakini olan Cavid Hüseynov (1988-ci il təvəllüdlü) "Qəbələ” – "Apollon” futbol klubları arasındakı qarşılaşmadan sonra, onun yunan jurnalistlərə göstərdiyi əl jestini "Facebook” səhifəsində tənqid edən jurnalist Rasim Əliyevin mobil nömrəsinə zəng edərək, ondan təkzib verməsini tələb edib. 

Bundan sonra isə futbolçunun bibisioğlu Elşən İsmayılov (1994-cü il təvəllüdlü) Rasim Əliyevə zəng edib və o da Rasim Əliyevdən təkzib verməsini tələb edib, bu zaman isə onların arasında mübahisə düşüb. Bundan sonra Elşən İsmayılov məqsədyönlü şəkildə özünə yaxın olan adamlar Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Müstafayevlə birgə qrup yaradıb və 8 avqustda 16:00 radələrində R. Əliyevlə Bayıl qəsəbəsində yerləşən "Bayıl Market” mağazasının qarşısında görüşüblər. Onlar Rasim Əliyevi qəddarlıqla döyməklə, daxili orqanlarına ağır zərbə vurublar və sonra hadisə yerindən qaçıblar. Rasim Əliyev təcili yardım maşınıyla xəstəxanaya çatdırılsa da, cərrahi əməliyyatdan keçsə də, onun həyatını xilas etmək mümkün olmayıb, 9 avqust səhər 5 radələrində o, xəstəxanada keçinib. 

Təhqiqat zamanı müəyyən olunub ki, Rasim Əliyevə məxsus olan "iPhone 5” markalı telefonu götürən qrup üzvü Arif Əliyev onu sındıraraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınındakı zibil qablarından birinə atıb. Telefon əşyayi dəlil kimi götürülüb və cinayət işinə əlavə edilib. 

Hesab edirəm ki, bu cinayət işinin dövlət səviyyəsində nəzarətə götürülməsi bu dəhşətli cinayəti törədənlərin ən ağır şəkildə cəzalandırılmasına səbəb olacaq, onlar barəsində ciddi tədbirlərin görülməsi isə bir çoxları üçün dərs olacaq və potensial cinayətlərin qarşısını alacaq. Axı cəzasızlıq hər zaman yeni cinayətlər doğur. Bu, xüsusi sübut tələb etməyən qanunauyğunluqdur. 

Ədaləti bərpa etməyin vacibliyi

Əlbəttə, cinayətkarları barmaqlıqlar arasına göndərməklə, ana və ataya oğul, babaya nəvə, nişanlıya isə gələcək ər qaytarılmayacaq. Bu çox kədərlidir. Ancaq bu faciəvi cinayətin müəlliflərini cəzalandırmaqla axıdılan göz yaşlarına azca da olsa, təskinlik vermək olar. 

Azərbaycan cəmiyyətinin reaksiyası

Rasim Əliyevin ölümü bizim cəmiyyətimizdə böyük rezonans doğurdu. Əlbəttə ki, vətəndaşlarımızın əksəriyyəti bu əməli çox sərt şəkildə sosial şəbəkələrdə və digər yerlərdə qınadılar. Ancaq cinayətə haqq qazandıranlar da vardı, iddiları da beləydi ki, "o özü səbəb olub”, "belə də lazım idi, deyilən sözlərin cavabını vermək lazımdı” və sairə. Cəmiyyətimizin bəzi üzvlərinin cinayətə haqq qazandırmasını görmək kədərlidir. Axı insan ömrünə qıyılmasına necə haqq qazandırmaq olar, insan ömrü ən müqəddəs məfhumdur, onu ancaq Yaradan ala bilər. Zənnimcə, bu cinayətə bəraət qazandıranlar gələcəkdə analoji cinayətlər törətməyə qabil insanlardı. 

Cəmiyyətimizdə aqressiya var və təəssüf ki, bu aqressiya yayılır. Elə cinayət hadisələri baş verir ki, adamın qanı damarlarında donur. Yəqin, Sahil bağının yanında it gəzdirən bir oğlanın bıçaqlanaraq, qətlə yetirilməsi çoxlarının yadındadır. Bu hadisə də cəmiyyətimizdə böyük hay-küyə səbəb olmuşdu. Yeri gəlmişkən, o zaman da cibində bıçaq, soyuq silah gəzdirən və mübahisə zamanı ondan istifadə edən şəxsə bəraət qazandıranlar olmuşdu. Və bu yeganə hadisə deyil ki, biz dəhşətli cinayətlərə şahid oluruq, ər arvadını öldürür, oğlan anasını qətlə yetirir, ata, yaxud qardaş bacısını zorlayır və s. Belə hadisələrdən sonra cəmiyyətdə fikir ayrılıqları yaranır, bunu isə müsbət hal kimi dəyərləndirmək olmaz. 

Bizim bəzi vətəndaşlar o qədər aqressiv olublar ki, bilmirsən xırda bir iraddan sonra o necə reaksiya verəcək. Qəddarlıq, utanmazlıq və aqressiya hər addımda bizi izləyir - ictimai nəqliyyatda, küçədə, yolda, toyda, yasda - hər yerdə. Kim qarantiya verə bilər ki, xırda bir irad sərhədsiz söyüş və təhqirlə nəticələnməyəcək, hələ bu ən yaxşı haldadır, ən pis halda yumruqlar, hətta soyuq silahlar işə düşə bilər. 

İnsanı fikrinə görə necə öldürmək olar?

Futbolçunun hərəkətlərini tənqid edən insanın öldürülməsinə heç cür məntiqi izah tapmaq olmur. "Qəbələ” futbol klubunun kapitanı çiyinlərində hansı məsuliyyətin olduğunu belə dərk etmir. Axı o lideri olduğu klubla Azərbaycanı bütün dünyada təmsil edir, onun hər hansı mənfi hərəkətinə görə qınaqlar bizə tuş gələcək. Bəlkə belə deyil? Bir insan, xüsusilə idmançı etdiyi hərəkətlərə görə özünə hesabat verməlidir, həm meydanda, həm də meydandan kənarda. Bəs biz nə görürük? Rəqib komandanın azarkeşlərinə qarşı hərəkət, mətbuat konfransında kiprli jurnalistin sözünü kobudluqla kəsmək, sonra da daha bir kobud jest. Əlbəttə, yad ölkədə xuliqan azarkeşlərin bayrağımızı cırmasını və təhqir etməsini görmək ağrılı və qəbuledilməzdir. Ancaq peşəkar idmançı meydanda olarkən buna peşəkar səviyyədə cavab verməlidir. Provakasiyaya provakasiya ilə cavab vermək nəyə lazımdır? Bu məsələylə futbol klubunun rəhbərliyi və FİFA məşğul olmalıdır, normal şəkildə özlərini idarə edə bilməyən azarkeşlərə görə klub cərimələnməli və digər ağır cəzalara layiq görülməlidir. Futbolçu isə ondan tələb olunmayan işlə məşğul olmamalıdır. 

Digər tərəfdən isə jurnalistlərin ünvanına daim tənqid eşitmək təəssüfləndiricidir. Bütün peşə növlərində elə insanlar var ki, təsadüfən gəlib ora düşüblər və ixtisası bilmirlər. Ancaq bunu unutmaq olmaz: doğrudanmı bütün digər peşəlar ideal vəziyyətdədir, orada işləyənlərin hamısı işlərinin ustası və peşəkardırlar? Doğrudanmı səhiyyə və təhsildə vəziyyət jurnalistikadan daha ürəkaçandır? Məncə, biganəlikdən və həkim səhvlərindən xəstəxanalarda ölənlərin sayının gündən günə artması və savadsız gənclik ordusunun ilbəil genişlənməsi özü hər şeyi deyir. 

Sosial şəbəkədə fikrini dediyinə görə öldürülən şəxs jurnalist yox, məsələn, həkim, müəllim, bənna, yaxud fəhlə də ola bilərdi. Bu, situasiyanı dəyişməzdi, bircə şey istisna olmaqla, Rasim Əliyevi daha az adam tanısaydı, onun başına gələn hadisə kölgədə qalardı və bu qədər rezonans doğurmazdı. Ancaq Rasim Əliyevi çox adam tanıyırdı, onu unutmayanlar və cinayətkarların cəzalandırılmasını təkid edən çoxsaylı insanlar var.  

Belə hadisələr, bir insanın küçənin ortasında vəhşicəsinə döyülməsi və ona köməyə heç kimin gəlməməsi cəmiyyətimizdəki biganəliyi göstərir, bu isə çox kədərlidir. Futbolçunun onun haqqında tənqidi fikir səsləndirənə qarşı dərhal reaksiya verməsi və haqq-hesab çəkməsi sübut edir ki, cəmiyyətimizin bir çox üzvləri konstruktiv tənqidə normal cavab verməyi hələ öyrənməyiblər. Bəla burasındadır ki, bizim bəzi futbolçularımız aldıqlarlı yüksək honorarlara görə (hərçənd ki, oynadıqları oyunu oyun da adlandırmaq olmaz), özlərini toxunulmaz hiss edirlər və elə zənn edirlər ki, ürəkləri nə istəsə, onu edə bilərlər. Qanun qarşısında hamının bərabər olduğunu göstərmək üçün özlərini ulduz sananları yerə endirmək lazımdır. Hətta planetin ən məşhur futbolçuları, misal üçün Lionel Messi və Kristano Ronaldo da müntəzəm surətdə tənqidlərə hədəf olurlar. İndi siz bir anlıq təsəvvür edin ki, belə futbolçular özlərini tənqid edənlərlə haqq-hesab çəkmək üçün qohumlarını toplayıb hərəkətə keçirlər. Onlar minlərlə, yüzminlərlə adamla dava etməli, mübahisə aparmalı olardılar. Bizdə isə belə tip hadisələr göründüyü kimi dava-dalaş və ölümlə nəticələnir. Bu kimin üçün lazımdır? 
 
Hətta mübahisəli vəziyyət yaranıbsa, niyə onu dinc yolla, dialoq vasitəsiylə həll etməyəsən ki? Doğrudanmı insanlar danışmaq qabiliyyətini itiriblər? Nəyə görə, bizim bəzi vətəndaşlar aşağı səviyyəli metodlarla məsələyə aydınlıq gətirməyə çalışırlar? Axı özünə kişi deyən adam köməksiz bir adamı cəzalandırmaq üçün qrup yaratmaz, bu kişilik deyil axı. Şərəfi və ləyaqəti olan əsl kişi, hər zaman situasiyanı təkbətək həll edir, qrup yaradıb yıxılan adamın qabırğalarını təpikləmir. 

Bu qətl təkcə yerli mediada deyil, dünyanın aparıcı KİV-lərində işıqlandırıldı. "Eurosport” kanalının rus versiyasında yazılan şərhləri oxuyanda, mən dəhşətə gəldim. İş burasındadır ki, bizim düşmənlərimiz belə hadisələri əllərində silah eləməklə, bizə qarşı istifadə edirlər. Yazırdılar ki, Azərbaycanda hələ də orta əsrlər dövrüdür, hətta onlar bir-birinə qarşı da qəddar metodlardan istifadə edirlər. Belə hadisələr təəssüf ki, ölkəmizin və xalqımızın imicinə mənfi təsir edir və bizi istəməyənlərin əlinə "Kozır” verir. 

15 il məktəbdə işləmiş və SSRİ dağlandan sonra peşəsini tərk etmiş bir insanla söhbətim zamanı o demişdi ki, 90-cı illərdə təhsil heç kimə lazım deyildi. İndi bəlli olur, gənclərdə bu qədər nifrət və aqressiya hardandır, səbəb bir dənədir – təhsilsizlik, bu da bizi yerin dibinə doğru çəkir. Məhz təhsilsizlik aqressiya və kin yaradır, gənclər qanundan qorxmurlar və nəticədə gənclər bizim sizinlə şahid olduğumuz kimi hadisələr törədə bilirlər. 

Sonda isə onu demək istəyirəm ki, əgər günahi sübuta yetirilsə, Cavid Hüseynov bir yox, iki insan həyatını korlamış olacaq. Birincisi Rasim  Əliyevdir, onu təəssüf ki, bir daha geri qaytarmaq mümkün olmayacaq, ikincisi isə Cavid Hüseynovun öz həyatıdır ki, onun adı hər zaman günahsız bir insanın ölümüylə hallanacaq. 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür