Martın birində Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclası keçiriləcək.
Bu barədə "Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda iştirak edəcək mötəbər qonaqların siyahısı hələki dəqiqləşdirilir. Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.
Artıq onuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasınin keçirilməsi, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.
SGC layihəsinə "Şahdəniz-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə isə təxminən 12 milyard kubmetr təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !