Torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.
Anews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində dəyişiklik edilir.
Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə yeni bənd əlavə edilir.
Bu maddəyə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
Yeni bəndə əsasən, Bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !