4 sentyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
XİN-dən bildirilib ki, Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov tərəfindən post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də içğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb.
Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.
Görüş zamanı həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Daha sonra, iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun 1-ci iclasının protokolunu imzalayıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !