Bazar günü Ukraynadan ABŞ-a geri qayıdan məşhur amerikalı siyasətçi, senator Con Makkeyn Rusiya ilə münasibələrə yenidən baxmağın vacib olduğunu bildirib.
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, Vladimir Putinlə yumşaq davranmağın yersiz olduğunu deyib: "Onunla ona layiq davranmaq lazımdır. Bu, Soyuq Müharibənin yenidən qızışdırılması demək deyil. Ancaq bir adam ki, keçmiş Rusiya İmperiyasını yenidən qurduğuna inanır, onunla necə lazımdır elə rəftar etməliyik".
Obama administrasiyasının Krım böhranına münasibətinə tənqidi yanaşan Makkeyn Ağ Evin Rusiya neftini hədəf almalı olduğunu deyib.
"Rusiya özünü ölkə kimi qələmə verən qaz stansiyasıdır. Rusiya, kleptokratiya və korrupsiya deməkdir. Bu ölkənin iqtisadiyyatı yalnızca neft və qazdan asılıdır. Buna görə də, iqtisadi sanksiyalar labüddür. Ukraynaya hərbi dəstək verməliyik, ən azından onun özünü müdafiə etməsinə şərait yaratmalıyıq. Polşada və Çexiyada raketdən müdafiə sistemlərinin qurulmasına davam edilməlidir. Əraziləri Rusiya tərəfindən işğal olunan Gürcüstan və Moldovanın NATO-ya üzvlüyünə gedən yolda dəstək olmalıyıq"".
Makkeyn həmçinin bəyan edib ki, ABŞ Ukraynaya uzunmüddətli hərbi dəstək verməlidir.
ANN.Az