COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının keçiriləcəyi Bakı Stadionunun mühüm enerji təchizatı hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq.
Vurğulanıb ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransını 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpa olunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir.
Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının (HVO) seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.
Hidratlaşdırılmış bitki yağı (HVO) aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpa olunan enerji mənbələrindən təmin edəcək.
Qeyd edək ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - "SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !