"Fuad Poladov bizə yekun qiymət yazanda yalnız mənə və Rafaelə "4” yazdı”
"Təəssüf ki, bu gün o böyük istedadı şoulaşdırıb, "Toppuş bacı” səviyyəsinə salıblar”
Tanınmış astroloq, jurnalist Səbuhi Rəhimli tələbəlik illəri, tanınmış tələbə yoldaşları, ali məktəbi bitirdikdən sonra tələbə yoldaşlarının və özünün yaşadığı çətinliklər haqqında Modern.az-a danışıb. Bu söhbətin təqdimatı ilə Modern.az saytı yeni bir rubrikaya start verir – "Bir qrupun məzunları”.
Səbuhi Rəhimli ilə səmimi söhbətini təqdim edirik:
"Çox sanballı buraxılışımız olub”
- 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışıq. Başqa ali məktəblərdəki kimi bizdə qrupda 30-40 nəfər deyil, cəmi 10 tələbə yer alırdı. Bəzi qruplarda hətta 9 nəfər var idi. Amma kurs olaraq, sayımız çox idi: 3 dram-kino aktyorluğu, 1 musiqili komediya aktyorluğu, 1 kino rejissorluq, 1 teatrşünaslıq qrupu. Sənət dərsləri ayrıca tədris edilsə də, ortaq fənlərimiz çox idi.
Ümumi kursda təxminən 50 nəfər təhsil alırdı. Bizim fakültə "Dram teatrı və kino aktyorluğu” idi. Kinorejissorluq fakültəsi də ilk dəfə biz qəbul olunan ildə açılmışdı. Aqil M.Quliyev, xalq artisti Şəfiqə Məmmədovanın oğlu Ülvi Məmmədov və digərləri məhz kinorejissorluqda təhsil alırdı. Teatrşunaslıq fakültəsində oxuyanlardan bu gün ən tanınmışı istedadlı jurnalist Vəli Əkbərdir.
"Sonuncu imtahanda bütün qrup yoldaşlarımızla ilk dəfə tanış olduq”
- Həmin illərdə aktyorluğa qabiliyyət üçün də imtahan verirdik və maraqlı imtahanlarımız keçirdi. İlk dəfə sənədlərimi 1987-ci ildə - orta məktəbi bitirəndə təqdim etdim. Amma həmin il imtahandan kəsilmişdim. Sonra hərbi xidmətə yola düşdüm və 1990-cı ildə xidməti bitirib, qayıdanda yenidən imtahan verdim. İmtahana çox yaxşı hazırlaşırdım, nəzəriyyəni də oxuyurdum. Əvvəldən – orta məktəbdən də mənim aktyorluğa marağım var idi. Hərdən sinifdə parodiyalar edirdik, dostlarım qabiliyyətim olduğunu, yaxşı aktyor ola biləcəyimi deyirdilər. Mən Stanislavski məktəbi, Mehdi Məmmədovun, İnqilab Kərimovun, İlham Rəhimovun teatr nəzəriyyəsi haqqında, dünya kinosunun gedişatı barədə xəbərdar idim. Həm müəllim ailəsində böyüdüyümə görə, həm də mətbuatı, ədəbiyyat nümunələrini əldə edib oxuduğumdan məlumatlı idim.
Sonuncu qəbul imtahanı tarix fənnindən idi. İmtahan keçirilən gün 37 nəfər imtahan növbəsini gözləyirdi. Amma cəmi 30 nəfər keçməli idi. Hamı həyəcanla gözlədiyi vaxtda mərhum teatr və kino aktyoru, Xalq artisti Əliağa Ağayevin oğlu rəhmətlik Vaqif Ağayev bizə yaxınlaşıb dedi ki, Musiqili komediya fakültəsinə aktyor çatışmır. Yaxşı səsi, bacarığı olan kim istəyirsə, qəbul edə bilərik. İlham Mirzəyev, Mətanət Əliverdiyeva, Rafiq İmanov və digər bir neçə nəfər həmin ixtisasa getdi. Cəmi 32 nəfər qalmışdıq. Təbii ki, ilk gün bir-birimizi tanımırdıq. Tünzalə Əliyeva – Toppuşbacı da yanımızda oturmuşdu. Meyxanaçı Vüqar isə həyəcanımızı aradan qaldırmaq üçün bir neçə qafiyə qoşdu. İlk dəfə idi canlı meyxana dinləyirdim, mənimlə bərabər hər kəsə maraqlı idi.
Elə oldu ki, Bakı kəndlərinin birindən qatılan iki bacı imtahana daxil oldu və ikisi də kəsildi. Açığı biz onda sevindik, çünki bildik, artıq hamımız qəbul olunacağıq. İmtahanımız şifahi götürülürdü. Bəxtimdən mənə çox asan suallar düşmüşdü və "5” aldım. Qalan dostların da hamısı qəbul olundu.
"Böyük sənətkarlardan dərs almışıq”
- 1990-cı il sentyabrın 1-i ilk dərs gününü ali məktəbə getməyi səbirsizliklə gözləsək də, bazar günü olduğundan ancaq sentyabrın 2-si dərsə gedə bildik. Qrupumuzda Rafael İsgəndərov, Coşqun Rəhimov, Azər Şabanov (Azər Axşam), meyxanaçı Vüqar Əbdülov, mən, hazırda Rus Dram Teatrının aktyorları olan Maqsud Məmmədov, Lalə Rüstəmova və digər 3 nəfər var idi.
Bizə elə ilk gün Şəfiqə Məmmədova kimi möhtəşəm sənətkar dərs keçdi. Şəfiqə xanım professor idi, həm də bir psixoloq kimi insanı çox gözəl tanıyırdı. O, 10 nəfər seçdi, öz qrupuna daxil etdi. İndi "Bu şəhərdə”də ilə tanınan aktyorlar, mənim qrup yoldaşlarım - Coşqun Rəhimov və Rafael İsgəndərov elə imtahan ərəfəsindən dostlaşmışdılar. Coşqun ağladı, sızladı ki, mən də Rafaellə birlikdə bu qrupa gəlmək istəyirəm. Ülviyyə adında bir qız var idi, o digər qrupa keçdi, Coşqun bizim qrupa qatıldı. Qrupumuz "B” qrupu idi. Bizimlə paralel "V” qrupunda isə indiki teleaparıcı Şahin Əliyev, aktyor Eyvaz İbrahimov, əməkdar artistlər Elşən Rüstəmov, Tünzalə Əliyeva və digərləri var idi. Şəfiqə xanım gözəl insan, peşəkar aktrisa və nəhəng pedaqoq idi. O bizim qrupa elə bir dünya açdı ki...
Onun sözlə arası yox idi. Bir il bizə dərs keçdi. Çox maraqlı tapşırıqlar, musiqili etüdlər hazırlayırdıq. Canlı səhnələr qurub, canlı performanslarla müəllimənin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq.
Bir söz var, deyir, aktyor səhnədə pıçıltı ilə elə danışmalıdır ki, ən sonuncu cərgədə oturan tamaşaçı da eşitsin. Bəxtimizdən bizim səhnə danışığı müəllimimiz də əməkdar artist Gülşad Baxşiyeva oldu. O da çox istedadlı, gözəl müəllimə idi. Hər iki xanım – Şəfiqə xanım və Gülşad xanım hökmlü, sözü keçən müəllimələr idi.
"Qrupumuz əldən ələ keçdi”
- İkinci kursda Şəfiqə xanım Musiqili Komediya Teatrı kafedrasının müdiri təyin olunduğu üçün artıq bizə dərs keçə bilməzdi. Hamımız çox sarsılmışdıq. Şəfiqə xanım bizim qrupu dəyərləndirdiyi üçün yaxşı müəllim sorağına çıxdı. Təxminən üç həftə sonra mərhum xalq artisti Şahmar Ələkbərovu gətirib bizə təqdim etdi. Baxmayaraq ki, xəstəliyi vardı (xərçəng idi), bizə çox şeylər öyrətdi. Şahmar Ələkbərov ona müəllim kimi deyil, sadəcə adı ilə müraciət etməyi tələb edirdi. Birinci mövsümün sonunda (yanvar, 1992) səhhəti ağırlaşdığı üçün qəfil Almaniyaya müalicəyə getdi, biz də imtahanı onsuz verdik.
Həmin dövrdə bizim qrupu xalq artisti Elmira Şabanovaya həvalə etdilər. Elmira xanım çox gözəl aktrisa olsa da, pedaqoq kimi güclü deyildi. Bizi qane etmirdi. Məlumat üçün bildirim ki, həmin vaxt ölkədə gərgin ictimai-siyasi vəziyyət yaranmışdı, Xocalı soyqırımı olmuşdu, ölkəmizə çoxsaylı təcavüzlər artmışdı. Vətən uğrunda çoxlu könüllülər batalyonu yaranırdı. Martın 11-də mən də könüllülərə qoşulub cəbhəyə yollandım, ağır yaralandım. Xəstəxanada ikən eşitdim ki, Şahmar müəllim dünyasını dəyişib. Çox sarsılmışdım. Onunla bağlı arzularım da vardı. Sağlığında demişdi ki, Bakı milyonçusu Musa Nağıyev haqqında film çəkməyə hazırlaşır və mənə yaxşı bir rol seçib.
"Bərdəliyəm – zır dəliyəm”
- Qrupumuzun tələbəlik illərində ilk dəfə bir araya gəlməsi Rafael İsgəndərovun ad günündə baş tutdu. Yığışıb onlara – Keşləyə getmişdik. Çox maraqlı keçmişdi. Rafaelin çox gözəl ailəsi, istedadlı bacıları var. Biz hətta ona demişdik ki, ailənizdə bircə sən kobudsan. Özü də bunu zarafatla qəbul edirdi, "bərdəliyəm, zır dəliyəm” deyirdi.
"Bizim tamaşamızda Fuad Poladov epizodik rol ifa edirdi”
- Müalicə aldıqdan sonra Universitetdə təhsilimi bərpa etdim. Düzdür, yaxşı yeriyə bilmirdim, amma ən azından hər şeyi köhnə formaya qaytarmağa cəhd edirdim. Artıq bizə xalq artisti Fuad Poladov dərs deməyə başlamışdı. İkinci müəllim kimi Şüküfə Yusupova məşğul olurdu bizimlə. Tələbəlik illərimiz çox maraqlı, eyni zamanda yaradıcı keçmişdi. Diplom işimiz Anton Çexovun "Albalı bağı” tamaşası idi. Mən orada qoca Firs obrazını yaradırdım. Tamaşada bizim üçün ən maraqlı məqam Fuad Poladovun epizodik rolda çıxış etməsi idi. Onunla eyni səhnəni paylaşmaq, üstəlik tələbə vaxtı bizim üçün şans idi. Sonrakı illərdə də zarafatla bir-birimizə deyirdik: "Biz tamaşada əsas rolu oynayanda Fuad Poladov epizodik rolda idi”.
Şəfiqə Məmmədova elə ilk gündən bizə ucuzlaşmamağı tövsiyə etmişdi. Bu səbəbdən ilk kurslarda efirlərə qaçmır, filmlərdəki epizodik rollara atılmırdıq. Şahmar Ələkbərov da bununla bağlı "3-cü kursdan sonra qərar verərsiniz” deyirdi. Çünki aktyorun formalaşması üçün ən çətin məqam 3-cü kursda öyrədilir - "başqalaşma prosesi”. O prosesi keçməyənlərdən professional aktyor çıxa bilməz. Məsələn, Rafael və Coşqun niyə sevilir? Çünki o prosesi keçiblər. Onlar istəyəndə hər cür rol oynaya bilirlər. Eləcə də Azər Axşam, Elşən Rüstəmov və digərləri. Azər Axşamın hətta detektiv filmi belə var. Amma indiki "əldəqayırma” aktyorlar bütün filmlərdə və tamaşalarda tək bir obraz yaradırlar, fərqlilik görünmür. Tünzalə Əliyevanı biz tələbə vaxtı ancaq tragik rollarda görmüşdük, hətta nə vaxtsa gülüş doğuracaq rol oynayacağını təsəvvür etmirdik. Təəssüf ki, bu gün o böyük istedadı şoulaşdırıb, "Toppuş bacı” səviyyəsinə salıblar.
"Sonuncu kursdan müxtəlif teatrlarda, ayrı-ayrı işlərdə çalışmağa başladıq”
- Biz tələbə olanda Bəxtiyar Xanızadənin Dövlət Pantomim Teatrı yarandı. Azər sonuncu kursda həmin teatrda oynamağa başladı. Rafaellə Coşqun rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrında işləməyə başladılar. Mən isə həm Şuşa Musiqili Teatrında məşqlərə gedirdim, həm də qəzetdə jurnalist kimi çalışırdım. Televiziyalarla əməkdaşlıq edən dostlarımız da oldu. Tələbəlik illərimizdə mədəniyyət mövzusu çox populyar idi və mətbuatda belə yazılar oxunurdu. Ona görə də dəyərli aktyorlarımızdan, müəllimlərimizdən müsahibələr alırdım, universitetdə, teatrlarda nə yenilik olurdu, jurnalist gözü ilə baxır, işıqlandırırdım.
Fuad Poladov bizə yekun qiymət yazanda yalnız mənə və Rafaelə "4” yazdı. Bunun da səbəbi vardı: mən qəzetdə işlədiyimə görə son kursda dərslərə az-az gəlirdim, məşqlər pozulurdu. Rafael isə "ipə-sapa yatmadığına” görə. Əslində Rafael kifayət qədər doğrucul, mərd və istiqanlı tələbə idi. Amma doğru söz heç də həmişə şirin effekt vermir axı (gülür). Əslində, bu, Fuad Poladovun bizim istedadımıza verilən qiyməti deyildi, intizamımıza verdiyi dəyər idi.
Diplomumuzu aldıqdan sonra hərə bir tərəfə üz tutdu. Rafael və Coşqun Gənclər Teatrında, Maqsud Məmmədov və Lalə Rüstəmova Rus Dram Teatrında, Azər Axşam Pantomim Teatrında, mən isə Şuşa Teatrında işləməyə başladıq.
Sonrakı illərdə, ümumiyyətlə, ölkənin həyatında çətin dövr idi. Biz də bu çətinliklərdən öz payımızı götürürdük. Bir ara o qədər sıxıntılı vəziyyət oldu ki, Coşqun kafedə ofisiant işləməli oldu, mən çörək dükanında satıcı kimi çalışdım, bəziləri küçə ticarətinə, fəhləliyə, alverə yönəldi. Çünki yaşamaq çox çətin idi, teatrdan aldıqlarımız heç 3 günə yetmirdi. Mən çox zaman məktəblərə, şənliklərə Şaxta baba, Kosa kimi gedirdim. Azər Axşam və Rafael İsgəndərov kloun kimi gedirdilər. Amma biz böyük məktəbdən keçdiyimiz üçün aktyorluğumuzu və savadımızı sanballı şəkildə ortaya qoyurduq. Mən Şaxta baba kimi elə fəlsəfi məqamlardan, maraqlı hadisələrdən danışırdım ki, heç bir uşaq təlxək yerinə qoyub, paltarımı dartmırdı, çox diqqətlə qulaq asırdılar. Novruz bayramında Kosa kimi iştirak edəndə də bayramın tarixindən, heç kimin bilmədiyi maraqlı ənənələrdən danışırdım. Eləcə də Rafaellə Azər kloun kimi uşaqlara ibrətamiz hekayələr danışır, maraqlı oyunlar öyrədirdilər. İndikilər kimi nazik səs çıxarıb, şit hərəkətlər etmirdik biz.
Hər kəsin komik aktyor kimi tanıdığı Azər Axşam ötən il Dövlət Pantomim Teatrında Uilyam Şekspirin "Hamlet” tamaşasında Hamlet rolunda çıxış etdi. O, bununla bir daha sübut etdi ki, komik janrla bərabər, dramatik, tragik rolları da məharətlə ifa edə bilir.
"Məşhur qrup yoldaşlarım heç biri bu günə əziyyətsiz gəlib çıxmayıb”
- Biz əziyyət çəkəndə də səbr edirdik. Bilirdik ki, sənət itməyəcək. Əvvəl-axır hörmətini qazanacaq. Bir dəfə Rafaelin ağlına ideya gəldi ki, Rusiya televiziyalarının birində yayımlanan "Qorodok” verilişinin Azərbaycan variantını etsinlər. Coşqunla çox əziyyət çəkdilər. Hətta mən də pencəklərimdən, qalstuklarımdan verirdim ki, hər səhnəcikdə geyim almaq məcburiyyətində qalmasınlar. Tələbə yoldaşımız Maqsud qrim ustası kimi işlədiyinə görə, saqqal, bığ kimi aksessuarları tapıb, onlara verirdi. Uzun əziyyətlərdən sonra "Bu şəhərdə” adı ilə populyarlaşdılar, sevildilər. Hətta "Bu şəhərdə” adlı restoran da açdılar . Çox sonralar Müşfiq Abbasovun köməkliyi ilə Rafaellə Coşqun bir az da parladılar. Amma təəssüf ki, bundan sonra cütlük tamaşalarda çıxış etmədilər, filmlərə çəkilmədilər, ancaq sarayda konsert verməklə kifayətləndilər.
Qrup yoldaşımız Vüqar Əbdülov meyxanası, yaxşı mənada manevrləri ilə populyarlaşdı. O öz meyxanalarında hər zaman vətənpərvərliyini ön plana çəkirdi.
Bizim qrupumuzdan heç kim məddah, yaltaq olmadı. Hər biri əqidəsini, şərəfini yüksək tutan insanlardır. Aramızda ibadət edənlər də, etməyənlər də var. Hamısı bir-birinə, inanclarına, dəyərlərinə hörmətlə yanaşan insanlardır.
Biz 30 nəfər – 3 ixtisas qrupuna aid olan "potok” yoldaşları indi də görüşürük, bir-birimizin xeyir-şər məclislərində mümkün qədər iştirak edirik. Aramızda nənə, baba olan qrup yoldaşlarımız da var. Həyat isə davam edir.
www.anews.az