Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından tədbir keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.
Anews.az APA-ya istinadən xəbər verir ki, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər "Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.
"Qeyd etmək istərdim ki, İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər "Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir, qanunvericiliyə zidd xarakter daşıyır. İlqar İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq” - deyə, o əlavə edib.
Komitə dindar vətəndaşları məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş tədbirlərə qatılmamağa çağırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !