Dağ yəhudilərinə Amerikadan hədiyyə - REPORTAJ

17:45 | 02.11.2015
Dağ yəhudilərinə Amerikadan hədiyyə - REPORTAJ

Dağ yəhudilərinə Amerikadan hədiyyə - REPORTAJ

Rüstəm Qasımov

Bu gün (1 noyabr) Bakıda Los Anceles yəhudilərinin hədiyyəsi olan müqəddəs kitab Səfər-Toranın Azərbaycana gətirilməsi ilə bağlı təntənəli mərasim keçirilib. 

Musanın 5 kitabından biri olan və perqament üzərinə yazılan mətndən ibarət olan Səfər-Tovrat ("Qanun kitabı”) Sinaqoqda gündəlik qiraət üçün istifadə edilir və İudaizmin əsas sakral predmetlərindən biri sayılır. 

Bakıda keçirilən tədbir bayram əhval-ruhiyyəsində qeyd edilirdi, musiqi, rəqs və əyləncə ilə müşayiət olunan mərasimdə hər iki ölkənin tanınmış siyasətçiləri, dini təşkilatların nümayəndələri, Los Ancelesdən olan Amerika yəhudilərinin nümayəndə heyəti, həmçinin şəhər sakinləri iştirak edirdilər. 

Bakıya xüsusi qiymətli futlyarda gətirilən Tövratı tədbirin qonaqları ehtiyatla əldən ələ ötürürdülər. Bu proses rəqslərlə və sevinc nidalarıyla müşayiət olunurdu. Tədbir KİV-in də diqqətindən kənarda qalmamışdı, fotokameraların işıqları sönmək bilmirdi. 

Tövrat sinaqoqa təhvil veriləndə salamlama nitqlərinə başlanıldı. İlk çıxış edənlər Amerikadan olan yəhudi nümayəndə heyətinin üzvləri oldu. Onlar belə gözəl mərasimdə iştirak edən hər kəsi salamladılar və qeyd etdilər ki, Bakıdakı sinaqoqun divarları arasında olmaq böyük şərəfdir. Çıxış edənlərdən biri insanlara  Tövratın mənasından danışan Ravvinin balaca hekayəsini danışdı: "Ravvin insanı məşəllə müqayisə edirdi, deyirdi ki, insanın vücudu məşəlin mumu, qəlbi isə odudur, onu isə bütün yəhudilərin müqəddəs kitabı Tövrat yandırır”.

Bakıya gətirilən ekzemplyara gəldikdə isə, xüsusi perqamentdən hazırlan bu Səfər-Tövratda çox sayda insanın əməyi var. Kitabın mətni İsraildə, son 40 söz isə Los Ancelesdə qələmə alınıb. Çıxışlar zamanı Azərbaycanın yəhudilər üçün vacib ölkə olmasından, burada multikulturalizm və tolerantlıq ənənələrinin güclü olmasından, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkədə müxtəlif dinlərə və təriqətlərə sitayiş edən insanların dinclik və əmin-amanlıq şəraitində yaşadığı vurğulandı. 

Səfər-Tövratın Amerikadan Bakıya gətirilməsində çox sayda insan, xüsusilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin və İsrailin baş konsulu Devid Sigelin rolundan bəhs edildi. Bu müqəddəs mətndə 33 dəfə qeyd olunub ki, biz başqa xalqlara və dinlərə mehribanlıqla yanaşmalıyıq. Bu dostluq münasibəti yəhudi xalqının müəyyən bir müddət Misirdə müvəqqəti yaşamasıyla əlaqələndirilir. Yəhud nümayəndə heyətinin üzvü bu Səfər-Tövratın İsrail, Azərbaycan və ABŞ arasında körpü rolu oynayacağına ümid etdiyini bildirib. 

Tədbirdə həmçinin İsrailin Azərbaycandakı səfiri Dan Stav da iştirak edirdi, o, çıxışında Azərbaycanın tolerant ölkə olmasını, antisemitizm siyasətinin olmadığını və yəhudilərin burada rahat yaşadığını vurğuladı. Stav bildirdi ki, Azərbaycan xalqı böyük hörmətə layiqdir. Səfir Azərbaycanda mövcud olan tolerantlıq modelinin dünyanın başqa ölkələri üçün nümunə ola biləcəyinə ümid etdiyini də qeyd etdi. 

Tədbirdə həmçinin Milli Məclisin deputatı Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycan dağ yəhudiləri cəmiyyətinin sədri Milix Yevdayev və digərləri də iştirak edirdilər. 

Baş konsul Nəsimi Ağayev çıxışı zamanı bildirdi ki, bu Səfər-Tövrat Amerikadan Azərbaycana gətirilən ilk müqəddəs mətndir. Ağayev həmçinin qeyd etdi ki, Los Ancelesdən Bakıya gələn 50 nəfərlik nümayəndə heyətini ən böyüklərindən biri hesab etmək olar. 

Tədbir sonda təbrik nitqləriylə başa çatdı. 

Tədbir zamanı çəkilən fotoları təqdim edirik: 
 


































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM