Daha 10 ailə Laçına köçürülüb

10:08 | 14.11.2023
Daha 10 ailə Laçına köçürülüb

Daha 10 ailə Laçına köçürülüb

Bu gün Laçına daha 10 ailə (40 nəfər) köçürülüb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bildirilir ki, köç Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 325 ailənin (1245 nəfər) daimi məskunlaşması təmin edilib.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd ediləcək.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti