“Daha çox intellekt səviyyəsi olmayan idmançılar cinayət törədirlər”

21:20 | 14.08.2015
“Daha çox intellekt səviyyəsi olmayan idmançılar cinayət törədirlər”

“Daha çox intellekt səviyyəsi olmayan idmançılar cinayət törədirlər”

İndiyə qədər media tərəfindən ciddi tənqid olunan oliqarx övladlarının jurnalist qətlə yetirdiyinin şahidi olmamışıq

Zeynal Məmmədli: "Jurnalistin ölümü də digərləri kimi cəzasız qalacaq”

Natiq Muxtarlı: "Nazir balaları yüksək təhsil almış insanlardır”

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi və bu dəhşətli hadisədə adı keçən "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovla bağlı məsələ gündəmdən düşmür. Hər keçən gün bu faciənin fonunda yeni-yeni məsələlər gündəmə gəlir. 

Sosial şəbəkələrdə paylaşılan statusların hər biri ayrıca mövzudur. Yazar Günel Mövludun yazdığı status bu silsilədəndir. Yazar maraqlı bir fikir səsləndirib. 

O, bildirib ki, Azərbaycanda nə qədər qudurğan olsalar da, heç bir nazir, oliqarx, polis rəisi özü və ya oğulları jurnalist döyüb, öldürmədi, amma futbolçu bunu elədi...

Həqiqətən də indiyə qədər bu cür hal müşahidə olunmayıb. Yalnız bir istisnadan başqa. O da nəqliyyat naziri Ziya Məmmədovun qohumu Aynar Məmmədovun "Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunu döydürməsidir.
 
Media eksperti Zeynal Məmmədli baş verən dəhşətli hadisəni kateqoriyalara bölməyin tərəfdarı deyil: "Qatilin kimliyi barədə indiki mərhələdə deyilənlərlə razılaşmaq mümkün deyil. Diqqəti başqa istiqamətə yönəltmək lazımdır. Cəmiyyətdə haqsızlığa, zorakılığa haqq qazandıran nələr var? Niyə ədalətli davranış, mərhəmət yoxdur? Jurnalistin ölümündə müxtəlif versiyalar var. Biz bilmirik ki, o, həkim səhlənkarlığındanmı ölüb, yaxud onu döyənlərin öldürmək məqsədləri olubmu? Uzağa gedən nəticələrə gəlmək lazım deyil. Bu cür hadisələrin təkrarlanmaması üçün nəyə ehtiyac olduğunu üzə çıxarmalıyıq. Bunu daha çox düşünməliyik”.

Z.Məmmədli baş verənlərin kökündə duran səbəblərdən də danışdı: "Bizdə qərar vermək gücündə olan şəxslər olub. Amma onların normal davranışlara sığmayan hərəkətlərinin şahidi olmuşuq. Buna görə cəzalanıblarmı? Kimin ölməsinin önəmi bizdə niyə daha çoxdur? Jurnalist öləndə media həmrəylinin şahidi oluruq. Bütün dünyada belədir. İfadə azadlığına böyük önəm verilir. Bəs adi insan öləndə necə? Onlara qarşı bölgələrdə icra hakimiyyətləri səviyyəsində, eləcə də, nazirlər səviyyəsində edilənləri niyə gözdən qaçırırıq? Ayrı-ayrı nəticələr çıxarmaq lazım deyil. Jurnalist məsələsinə gəlincə, bizdə jurnalist öldürülüb, hələ də qatili tapılmayıb. Elmar Hüseynovu nəzərdə tuturam. Cəzasızlıq mühiti kimlərisə bu cinayəti törətməyə sürükləyir. Düşünürlər ki, jurnalistin ölümü də digərləri kimi cəzasız qalacaq. Durumu qarışdırmaq üçün də belə addım atırlar. Jurnalistlərlə bağlı digər dəhşətli hadisələr də olub. Təkcə Bahəddin Həziyevi misal gətirək. Nə oldu? Səbəbkarlar niyə üzə çıxarılmadı? Bütün bunlar diqqət mərkəzində qalmayanda, belə hadisələr zaman-zaman təkrarlanacaq. Kimlər bu hadisədən yararlana bilər? Bunu düşünmək lazımdır. Bu sualın cavabını axtarmaq lazımdır. Yanan binada ölənlər oldu, neçə ailə məhv oldu. Məgər bunlar qətl deyil? Bunların səbəbkarları cəzalanmadı. Bir istiqamətdən bu cür hadisələrə qiymət verməliyik. Ayrı-ayrı nəticələr ortaya çıxarmaq digər qətllərə də yol açır”.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı da hesab edir ki, idmançıların təhsil səviyyəsinin aşağı olmasından bu cür hadisələr doğur: "Etiraf edək ki, məmur övladlarını jurnalistlər çox tənqid ediblər. "Yeni Müsavat”da dəfələrlə olub ki, məmur övladlarının yaşam tərzi, açıqlamaları tənqid olunub. Məhkəmə çəkişmələri olub. Amma döyülmə, öldürülmə olmayıb. Bu, ondan irəli gəlir ki, nazir balaları yüksək təhsil almış insanlardır. Bu addımların hansı nəticələr verəcəyini bilirlər. Amma idmançılar həddindən artıq intellektual səviyyələri aşağı olan insanlardır. Təkcə futbolçular yox, digər idman növlərindən olan şəxslər də dəfələrlə cinayət işləri törədiblər. Boksçumuz Vüqar Ələkbərov da məhz buna görə həbsdə olundu. Onlara böyük önəm verilir. Nəticədə bu cür hadisələr ortaya çıxır. Təhsilləri yüksək olsaydı, istifadə etməzdilər. İdmançıların təhsilinə önəm verilməlidir. Valideynlər bununla ciddi məşğul olmalı, gələcəkdə övladlarının cinayətkar olmalarının qarşısını almalıdırlar”. (musavat.com)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür