Ödənişi gecikdirilmiş kreditlər artıb

18:30 | 17.05.2015
Ödənişi gecikdirilmiş kreditlər artıb

Ödənişi gecikdirilmiş kreditlər artıb

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 5,88 faizə çataraq 1 213,3 milyon manat təşkil edib. 


"Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin birinci rübünün yekunu üzrə hesabatında deyilir.
Ötən ilin analoji dövründə bu göstərici 853,7 milyon manat (ümumi portfelin 5,37 faizi), 2015-ci il fevralın yekunu üzrə isə 1 138,2 milyon manat (5,5 faiz) olub. Ödənişi gecikdirilmiş kreditlərin payı il ərzində 42,12 faiz, ay ərzində isə 6,6 faiz artıb.

Qeyd edək ki, hesabatda "Aqrarkredit" bank olmayan kredit təşkilatının analoji göstəriciləri nəzərə alınmayıb.

Ölkənin bank sektoru 2015-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın kreditləşməsini ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz artırıb. Mart ayı ərzində bu göstərici 0,3 faiz azalıb.

Azərbaycan Mərkəzi Bankının 2015-ci il aprelin 1-nə olan hesabatına əsasən, banklar tərəfindən 12 209,2 milyon manat (59,17 faiz) milli valyutada və 8432,2 milyon manat (40,83 faiz) sərbəst dönərli valyutada (SDV) olmaqla, ümumilikdə 20 632,3 milyon manat kredit verilib. 2015-ci ilin yanvar ayında bu nisbət müvafiq olaraq 73 və 27 faiz, fevralda isə 60 və 40 faiz olub. Müqayisə üçün: 2014-cü ilin mart ayının yekunu üzrə bu göstərici 15 889,5 milyon manat (11 503,2 milyon manat milli valyutada və 4 386,3 milyon manat SDV-də) olub.

2015-ci il mart ayının yekunu üzrə (451 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qısamüddətli kreditlərin həcmi 4 585,8 milyon manat təşkil edib. 2014-cü il mart ayının nəticəsi isə belədir: 388,8 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla, 3 544,2 milyon manat. İl ərzində qısamüddətli kreditlərin həcmi 29,4 faiz artıb.

Uzunmüddətli kreditlərin həcmi 2014-cü ilin mart ayındakı 12 345,4 milyon manata (464,9 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qarşı 2015-ci ilin yanvar-mart aylarında 16 046,4 milyon manat (762,4 milyon manat ödənişi gecikdirilmiş borclar daxil) təşkil edib. İl ərzində uzunmüddətli kreditlərin həcmi 30 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkənin dövlət banklarının kredit portfeli 7440,8 milyon manat təşkil edib, özəl banklar tərəfindən isə 12 632 milyon manat kredit verilib. Qalan 2,7 faiz (559,5 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşür.

Azərbaycanda 45 bank fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM