Dənizkənarı Bulvar Novruza necə hazırlaşıb?

10:49 | 13.03.2015
Dənizkənarı Bulvar Novruza necə hazırlaşıb?

Dənizkənarı Bulvar Novruza necə hazırlaşıb?

Martın 19-da səhər saat 10:00-dan başlayaraq gecə yarıya qədər Bulvar ərazisində Novruzla bağlı tədbirlər nəzərdə tutulub. 

Azərbaycanın mədəniyyət, incəsənət, folklor, mətbəxinə, eləcə də hər regiona məxsus məhsulların həm nümayişi, həm də satışı olacaq. Qeyd edim ki, bu tədbir 1 gün nəzərdə tutulub. Bununla yanaşı növbəti bayram günlərində Bulvar ərazisində kosa, keçəl, bahar qızının da iştirakı ilə şənliklər keçiriləcək.

Oxu.Az-a bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Novruzla bağlı hazırlıqları şərh edərkən bildirib. 

Onun sözlərinə görə, bu ilin iyun ayında Bakıda Yay Olimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulduğundan Novruz bayramında Yay Olimpiya Oyunlarına daxil olan idman növləri üzrə nümayişlər keçiriləcək:

"Həmin oyunları nümayiş etdirənlər arasında Olimpiya çempionları, Avropa çempionları da olacaq. Bir neçə yerdə gün ərzində konsert proqramaları davam edəcək”.

Nazim Məcidovun sözlərinə görə, Bakıda atəşfəşanlığın olması da nəzərdə tutulub:

"Amma bu məsələyə Bakı şəhər İcra Hakimiyyəti baxdığından atəşfəşanlığın saat neçədə olması bizə məlum deyil”.

"Yeni ildə Bulvar ərazisində konsert proqramlarının şahidi olmadıq. Novruz bayramında necə, belə proqramların şahidi olacağıqmı?” sualına isə rəis müavini bu cür cavab verdi:

"Dediyiniz konsert proqramını Azərbaycan Dövlət Televiziyası Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirir. Bizdə isə hələlik konsert proqramının olub-olmaması barəsində məlumat yoxdur, amma Novruz bayramı olan ərazilərdə bir neçə yerdə konsert proqramları olacaq, yəni meyxana, muğam və digər Azərbaycan musiqiləri nümayiş olunacaq” - deyə, o bildirdi.

Nazim Məcidov Bulvar ərazisində həyata keçirilməsi nəzərdə tutulan işlərə də toxundu:

"Bulvar ərazisində 3 marşrut üzrə qatarlar hərəkətdədir. Dəniz vağzalından Saat qülləsinə qədər, digəri Saat qülləsindən Azneft-ə qədər, üçüncüsü isə İdman sarayından Bayraq meydanına qədərdir. Bulvarın yaya qədər hər biri 3 km olmaqla 6 km genişləndirilməsi nəzərdə tutulub. Belə olan təqdirdə, bizim Bulvarın bir başından o biri başına qədər 15 km ərazidə digər marşrutumuz da nəzərdə tutulub. Biz bunu həyata keçirəcəyik, çünki insanların 15 km məsafəni piyada gəzmək imkanları olmayacaq.

Qeyd edim ki, bunun mart ayında deyil, yay aylarında reallaşması nəzərdə tutulub, artıq qatarlar da sifariş olunub”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM