Deputat Həbibdən yazdı: Gərək Peyğəmbəri xatırlayaydı...

20:21 | 08.10.2018
Deputat Həbibdən yazdı: Gərək Peyğəmbəri xatırlayaydı...

Deputat Həbibdən yazdı: Gərək Peyğəmbəri xatırlayaydı...

Həbib Nurməhəmmədovun qalib gəlməsinə bütün Qafqaz və müsəlman təəssübkeşi kimi mən də sevindim. Həbibin qələbədən sonrakı davranışı ilə məğlub olmasına isə bu dünyada yaşayan bir bəşər övladı olaraq üzüldüm.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa UFC kateqoriyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla müzakirələrə səbəb olan qarşılaşmasına münasibət bildirərkən yazıb. O, H.Nurməhəmmədovun bu cür davranışla müsəlmanlığın bütün insanlara gözəl təqdimatını düşünənlər üçün ciddi fiasko yaşatdığını bildirib:

"Sözsüz ki, Həbib qəhrəmandır, qarşısındakı Makqreqor kimi güclü, lakin küstah bir rəqibi çözməsi elə də asan məsələ deyildi. Unutmayaq ki, Həbibin döyüşü fiziki güc və iradə ilə bağlı idi və kimsə ondan hansısa intellektual davranış da tələb edə bilməzdi. Bununla belə, Həbib ilk təqdimatından başlayaraq özünü xristian aləminin təmsilçisinə qarşı duran bir müsəlman obrazında göstərirdi. Təəssüf ki, dünya müsəlmanlarının əksəriyyəti kimi o da bu fürsəti boşa verdi. Anlaşılan duyğulardır, mövcud ABŞ-Rusiya rəqabətinin təsiri altında bir vəhşi idman yarışı keçirilir, siyasi təsirlər kifayət qədər güclü, amma bütün hallarda biznes xarakterli olsa da, yenə bir idman yarışından söhbət gedir. Həbibin öz papağı ilə qafqazlı və çeçen identifikasiyasını göstərməsi də, ingiliscə fikrini ifadə etməsi də maraqlı və sempatik idi. Sadəcə, Həbib bir şeyi unutmuşdu: bu səviyyədə bir finala gəlib çıxmış təcrübəli idmançı müsəlman tanıtımı kimi böyük bir məsuliyyəti öz üzərinə götürmüşsə, öz peyğəmbərinin davranışlarını xatırlayaraq, bu atmosferin içinə girməyi bacarmalıydı. Əksinə, Həbib öncədən "əlhəmdülillah” kəliməsini də qəzəblə Qərb dünyasına öyrətmək istəyi ilə sonrakı yanlışların başlanğıcını qoydu. Bu döyüşdə Həbib üzərinə düşəni etdi, tərbiyəsiz rəqibini əlacsız duruma saldı və öz əzmi, iradəsi ilə könülləri fərh etdi. Eyniylə "könülləri fəth etməyi Məkkəni fəth etməkdən daha fəzilətli sayan” Peyğəmbər Məhəmmədin yol xəritəsini izləmiş oldu.

Həbib və komandası qələbədən sonra öz Peyğəmbərinin davranışını xatırlayıb hərəkət edə bilsəydi, inanın ki, hansı məkanda olmasına baxmayaraq, İslama qarşı hansı nifrət yükü daşımasına baxmayaraq, əksər insanların könlünü fəth etmiş olacaqdı. Hər dəfə təkidlə vurğulayıram ki, İslam adına əzadarlıq uyduraraq dini yaşayanlar, pinti şəkildə saqqalı uzatmaqla fəzilətin artdığını düşünənlər, sadə hicab formalarından imtina edərək qapqara çadraların altında gizlənməklə 21-ci əsrə müqavimət göstərdiyini düşünənlər, qız uşaqlarını dünyəvi təhsildən məhrum edənlər heç olmazsa, özlərinə tamamilə yad bir millətin, dinin təmsilçisi kimi kənardan baxa bilsəydilər, o zaman oz müsəlman obrazlarından şübhəsiz ki, utanardılar”.

Deputat vurğulayıb ki, ictimai şəxsiyyətlərin üzərində şəxsi məsuliyyətlə yanaşı, həm də ictimai məsuliyyət yükü var:

"Bunu anlayanlar qələbələrini də, məğlubiyyətlərini də bir faydalı tanıtım dəyərinə çevirməyi bacarırlar. Allahu-əkbər çağırışı ilə insan başı da kəsirlər, bir məktəb açılışı da edirlər. Hansının gözəl olmasını öz tərəfli duyğularımızla deyil, kənardan baxanların düşüncələrinə görə müəyyənləşdirməmiz doğru olmazdımı? Bu səbəbdən də idmançının da savadlı olması, təmsil etdiyi toplumun məsuliyyətini anlaması vacib şərtlərdən biridir. Söhbət hansısa addan məhrum edilməkdən, yarışdan uzaqlaşdırılmaqdan getmir, Həbib onsuz da öz iradəsi ilə göstərdi ki, hər cür böyük titula layiq bir döyüşçüdür. Sadəcə doğru davranışla, sağlam mühakimə ilə qarşında sənə nifrətlə yanaşanları utandırmağı bacarmaqdan söhbət gedirdi. Burada Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu”.

Qeyd edək ki, dünən Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqoru məğlub etdiyi qarşılaşmadan sonra onu təhqir edən azarkeşə hücum edib. Onun bu addımı UFC rəhbərliyinin narazılığına səbəb olub. H.Nurməhəmmədov daha sonra açıqlama verərək hərəkətindən peşman olduğunu bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti