Manatın ucuzlaşması çox ciddi məsələdir. Bununla əlaqədar deyirlər ki, banklarda kreditləri dollarla verirlər.
Lakin bunların əksəriyyəti həqiqətə uyğun deyil. Söhbət manatın devalvasiyasından gedirsə, uzun müddətdir Azərbaycan MDB-də yeganə dövlətdir ki, keçən maliyyə böhranında öz valyutasını qoruyub saxlaya bildi.
Oxu.Az xəbər verir ki, bu sözləri İslam maliyyəsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda deputat Vahid Əhmədov bildirib.
Deputat bildirib ki, son vaxtlar bu proses (iqtisadi böhran – red.) daha da ciddi keçir.
"Misal üçün Rusiyada milli valyuta 90%, Qazaxıstanda 70% ucuzlaşdı. Lakin Azərbaycan buna getmədi. Bunun da əsas səbəbi Azərbaycanın dövlət başçısının göstərişidir. Əhalinin sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, əmək haqları, pensiyaları, o cümlədən onların əmanətlərinin ucuzlaşmaması üçün buna gedilmədi. Lakin son vaxtlar iqtisadi proseslər daha da dərinləşib, xüsusilə də Rusiyaya qarşı olan sanksiyalar, Ukraynadakı müharibə Azərbaycana müəyyən qədər təsir göstərir”.
Deputat bildirib ki, manatın devalvasiyasında 2 məqsəd var:
"Onlardan biri mənfi, digəri müsbətdir. Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycanın ixracının 92%-i neft məhsullarıdır. Düzdür, qeyri-neft məhsullarını ixrac edə bilmirik, çünki onun maya dəyərində ciddi problemlər var. Ona görə də, biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla, məhsulların ixrac potensialını yüksəldirik ki, rəqabətyönümlü məhsulların ixracı artsın.
Mənfi cəhəti ondan ibarətdir ki, manat ciddi ucuzlaşarsa, ciddi devalvasiyaya uğrayarsa, insanların sosial vəziyyətinə təsir edə, o cümlədən bazarda bahalaşmaya səbəb ola bilər”, - deyə, V.Əhmədov vurğulayıb.
Deputat həmçinin bildirib ki, bir neçə gün əvvəl AMB-nin İdarə Heyəti sədrinin 1-ci müavini ilə görüşüb:
"Ona görə də, düşünürəm ki, 2015-ci ildə ciddi devalvasiya olmayacaq. Devalvasiya olsa da, bu 5-7 qəpik səviyyəsində olacaq. Biz demişik ki, ucuzlaşma elə getsin ki, insanlar bunu o qədər hiss etməsinlər, onların əmək haqları, pensiyaları, əmanətlərinə təsir etməsin. Bu məsələlər öz həllini taparsa, ciddi təsiri olmazsa, tədricən manatın devalvasiya olunması labüddür”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !