Bu
barədə "Modern Hospital"ın baş həkimi Taryel Ömərov bildirib ki, "Tədbirin
əsas məqsədlərindən biri dinləyicilərimizə əsrin bəlası olan şəkərli diabet və
bu xəstəliyin ən böyük ağırlaşmalarından olan diabetik ayaq probleminə
multidisiplinar yanaşmanın mütləqliyini aşılamaqdır. Çünki diabetik ayaq xəstəliyinə
məruz qalan pasiyentlərdə həyat keyfiyyətinin aşağı düşməsi halları, eləcə də,
ölüm faizi yüksəkdir. Belə ki, bu cür xəstələrin üçündən birində şəxs periferik
orqanlarından hər hansı birini və ya hər ikisini, yaxud pəncəsini itirmiş olur,
digər üç xəstədən birində isə letal son olur. Ona görə də bu cür nəticələrin
qarşısını almaq üçün şəkərli diabet və diabetik ayaq xəstəliyinə multidisiplinar
yanaşma lazımdır.
Bu məqsədlə də "Modern Hospital"da "Diabetik Ayaq Mərkəzi” fəaliyyət göstərir. Bunların sayəsində pasiyentlərdə dərinləşmiş yaraların sağalmasında, onların həyat keyfiyyətinin artmasında müsbət nəticələr müşahidə olunur”, – deyə T.Ömərov bildirib.
"Niyə diabetik ayaq və şəkərli diabet xəstəliyi hər zaman aktual olaraq qalmaqdadır?” sualına cavab olaraq "Modern Hospital"ın "Diabetik Pəncə Mərkəzi"nin rəhbəri və həkim endokrinoloqu Gülay Həsənqızı bildirib ki, bu xəstəlik "əsrin epidemiyası" adını alıb. Hazırda dünyada 400 milyona yaxın insan bu xəstəliklərdən əziyyət çəkir və 2040-cı ildə bu göstəricinin 600 milyondan çox olacağı qeyd olunur.
Şəkərli diabet xəstələrində ölüm səbəbi daha çox diabetik ayaqlarla bağlıdır. Dünyada hər 6 saniyədən bir bu bəlaya düçar olan insan dünyasını dəyişir və hər 30 saniyədən bir şəkərli diabetik xəstəsinin ayağının böyük major amputasiyası olunur. Bu qorxunc rəqəmlər dünya statistikasıdır”, - deyə endokrinoloq bildirib.
G.Həsənqızı bunu da qeyd edib ki, şəkərli diabet xəstələrinin başlıca problemi yoluxduqları xəstəlik barədə kifayət qədər məlumata malik olmamalıdır. Onun sözlərinə əsasən, yalnız xəstə təlimli olmaqla amputasiyaların qarşısı 75%-ə qədər alına bilər. Yəni ayağa düzgün qulluq olduqda, şəkəri düzgün kontrol etdikdə amputasiyadan yayınmaq olar.
"Şəkərli diabet xəstələrində aşağı ətrafların amputasiyanın qarşısını almaq məqsədilə 2014-cü ildə "Modern Hospital"da "Diabetik Ayaq Mərkəzi”ni açdıq. Mərkəzi açdığımız gündən bu günə kimi mərkəzimizdə minlərlə pasiyent müalicə olunaraq normal həyat tərzlərinə geri qayıtmışlar.
Diabetik ayaq xəstəsinin müalicəsi yalnız tək bir həkimin görə biləcəyi iş deyil. Müalicə mütləq komanda şəklində aparılmaldır. Yalnız bu halda uğurlu nəticələr almaq və amputasiyaların sayını azaltmaq olar. Bizim mərkəzdə də endokrinoloq, ümumi cərrah, travmatoloq, ortoped, infeksionist, plastik cərrah, dermotoloq kimi həkim qrupu komanda şəklində bir yerdə fəaliyyət göstərir.
Əslində, mərkəzimizin daha önəmli məqsədlərindən biri də əhali, xəstələr arasında çox böyük maarifləndirmə işlərinin aparılmasıdır. Təəssüf ki, xəstələr bəzən çox gecikmiş mərhələlərdə müraciət edirlər. Buna görə əhali arasında maarifləndirmə işinin aparılması bizim üçün çox önəmlidir. Xəstələr bir neçə mm-lik yaradan böyük problemlərin yarana biləcəyini və bunun aşağı ətrafların itirilməsinə gətirib çıxaracağını bilsələr, bu məsələyə daha ciddi yanaşarlar”, - deyə G.Həsənqızı bildirib.
Endokrinoloq "Diabetik Ayaq Mərkəzi”ndə xəstələrə komanda şəklində psixoloji dəstəyin də göstərildiyini vurğulayıb.
"Bu mərkəzin funksiyası xəstənin ayağını amputasiya etmək deyil, biz çalışırıq ki, bu prosesin mümkün qədər qarşısını alaq. Lakin bəzən amputasiya qaçılmazdır. Bununla üzləşən xəstələrə və onların yaxınlarına mütləq psixoloji dəstək lazımdır. İnsana bir orqanını, xüsusən də gözlə görünən bir orqanını itirmək psixoloji təsir edir. Belə vəziyyətdə mərkəzimizdə çalışan psixoloq və psixiatrların yardımına müraciət olunur. Onların məqsədi xəstələri motivasiya etməkdir.
Bu cür psixoloji konsultasiyanın digər məqsədi şəkərli diabet olan insanlar arasında maarifləndirmə işinin aparılmasıdır. Belə problemlərlə üzləşmiş insanlara izah olunur ki, bu xəstəliyi kontrolda saxlamaq mümkündür. Sadəcə nəzarət mexanizmlərinə düzgün əməl etmək lazımdır”, - deyə G.Həsənqızı vurğulayıb.
"Dünyada milyonlarla insanda bu xəstəlik əziyyət çəkir. Özlərinin qeydlərinə qalmayan pasiyentlərdə, pəhriz saxlamayanlarda, dərmanlarını vaxtında qəbul etməyənlərdə, həkimlə konsultasiya keçməyənlərdə çox zaman ciddi problemlər yaranır. Şəkər ilk növbədə ayaqlara vurur. Bu isə ayağın hissiyyatının itirilməsinə gətirib-çıxarır. Bu cür ayaqlar bir yerə dəydikdə, nəsə batdıqda insanın xəbəri olmur. Beləliklə, infeksiya düşdükdə, xəstənin özü də xəbərsiz olur. Nəticə isə xoşagəlməz olur.”
Ən sonda diabetik ayaq yaralarından əziyyət çəkən pasiyentlərə bir müjdə də verə bilərəm ki, yaxın gələcəkdə müalicənin optimallaşdırılması istiqamətində hər zaman yenilikləri təqib edən klinikamız Diabetik Pəncə Mərkəzimizi yeni avadanlıqlarla- müalicə üsulları ilə təchiz edərək pasiyentlərimizə daha keyfiyyətli daha müasir xidmət verəcəyik. Bizi təqibdə saxlasınlar və hər zaman sağlamlıqlarına diqqət etsinlər!”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !