Belə ayaqqabıları əvvəllər kişilər də geyinib; Adil Qeybulla: "Ayaqqabı nə qədər hündürdüsə, bir o qədər zərərlidir...”
Hündür və qədd-qamətli görünmək üçün qadınlar çox vaxt dikdaban ayaqqabılar geyinir. Bu ayaqqabılar qadınlarda özünəinam hissi yaratdığı kimi, kişilərin də diqqətini cəlb edir. Dikdabanlı xanımlar hansı geyimdə olmasından asılı olmayaraq daha eleqant və cəlbedici göründüyünü düşünmürlər.
Xanımların bu cür ayaqqabılarda çox rahat şəkildə gəzdiyini görən kişilər hər bir işi, çətinliyi bacarsalar belə, dikdaban ayaqqabının üzərində yeriməyi heç vaxt bacara bilmədiklərini etiraf ediblər. Ancaq nə qədər təəccüblü görünsə də XVIII əsrə qədər dikdaban ayaqqabıları qadınlarla yanaşı, kişilər də geyinib. XVII əsrdə jokeylər (at sürənlər) ayaqlarını üzəngidə rahat tutmaq üçün hündürdaban ayaqqabılardan istifadə ediblər.
Belə ki, dikdaban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanan mütəxəssislər misirli cütçülərin torpağa batmamaq üçün ayaqqabılarının altına topuq taxırdılar. Hökmdarlar, insanların mənsub olduqları siniflərin təyin olunması üçün topuq boylarını təyin edən əmrlər çıxarırdı. Ən hündür dikdaban ayaqqabılar ancaq köklü ailələr tərəfindən geyilə bilərdi. Qırmızı topuqların da yalnız köklülər tərəfindən istifadə edilməsinə icazə vardı.
XVIII əsrdən isə yalnız qadınlara, o da hündürlüyü yalnız 10-12 santimetrə çatan dikdaban ayaqqabı geyinməyə icazə verildi. Bu ayaqqabıların qadınlarda zəriflik göstəricisi olduğuna inanılırdı. Müasir dövrümüzdə də dikdaban ayaqqabılar bütün dövrlərdə olduğu kimi, öz aktuallığını saxlayır.
Ancaq gözəl, cazibədar görünmək üçün geyindiyimiz, saatlarla üzərində durduğumuz dikdabanlı ayaqqabıların sağlamlığımıza ziyanlı tərəfləri də var. Belə ayaqqabıların gündə 1 saat istifadəsi dar bir ayaqqabının içində keçirilən 12 saata bərabərdir. Ayaqların dikdaban içində əyilməsi baldır əzələlərinin qısalmasına və sıxılmasına səbəb olur. Ayaq biləyi əzələləri bədənimizdə ən sağlam yerdir. Bu əzələlər yeriyən vaxt bədənin ağırlığının 3-9, qaçan zaman isə 7 qat ağırlığında yük daşıya bilər. Ancaq dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. Bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və yaralanmalara, sümük çıxılmalarına gətirib çıxarır.
Araşdırmalar göstərib ki, hündürlüyü 9 santimetrdən çox olan dikdabanlar ayaq damarlarının qocalmasına və dağılmasına səbəb olur. Belə ayaqqabılarla gəzərkən ayaq damarları güclü təzyiq altında qalır. Britaniyalı alimlər isə 14 nəfər gənc və sağlam qadını təcrübəyə cəlb ediblər. Qadınlara tapşırılıb ki, dikdabanlarda ayaqlarını necə hiss etdiklərini hissləri açıqlasınlar. Belə ayaqqabılarda özlərinə məxsus yerişlə gəzsinlər. Alimlər həmin qadınların dizlərindəki damarların formasını araşdırıblar. Əldə edilən nəticələr göstərib ki, dikdaban ayaqqabılarda damarlara düşən təzyiq artır və nəticədə damarlar genişlənir. Damarlar yaşlı insanların damarlarına bənzəyir. Həmçinin, dikdaban ayaqqabılar başqa oynaqlara, o cümlədən baldırla pəncəni birləşdirən və çanaq-bud oynaqlarına pis təsir göstərir, gövdənin vəziyyətini dəyişir. Bütün bunlar isə kürək ağrılarına gətirib çıxarır.
Psixoloqlara görə, dikdaban geyinən qadınları özlərini daha güclü və daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Dikdaban ayaqqabılı qadın özünü şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu düşünür. Bəzən də stressi atmaq üçün dikdaban ayaqqabılar geyinirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla dikdaban ayaqqabıların ayaqların fizioloji işləmə prinsiplərini pozduğunu dedi: "Belə olan təqdirdə isə həmin şəxslərdə venaların problemləri ortaya çıxa bilər. Bu ona meylli şəxslərdə ola bilər. Biz bilirik ki, ayaqda normada fizioloji tağ var. Bu ayaqdan zərbənin yumşaldılmasını nəzərdə tutub. Ona görə də yastı ayaqlarda bunu daha çox hiss etmək olur. Onlar tez yorulur. Dikdaban ayaqqabı geyinməyə məşq etmək lazımdır. Həm də bu istənilən halda fizioloji deyil. Hündürdaban ayaqqabılar nə qədər hündürdüsə, o qədər də zərərli hesab olunur. Yəni skeletə, onun hərəkətinə, ayaq addımlama zamanı vurulan zərbələrin ötürülməsinə təsir edir. Bu proses bütövlükdə skeletdə nəzərə alınıb”.
Mütəxəssislər dikdaban ayaqqabı alarkən bir neçə vacib məqamı qeyd edirlər. Belə ki, bu ayaqqabıların ayağa oturmasına diqqət yetirilməli, həddindən artıq dikdaban, ucubiz və dar olanlara, ümumiyyətlə yaxın gedilməməlidir. Ayağın baş barmağı ilə ayaqqabının ucu arasında 1 santimetr boşluq olmalıdır. Dikdaban ayaqqabını çıxartdıqdan sonra adi idman ayaqqabısı ilə 30-45 dəqiqə hərəkət edilməli, gündə ən azı 2 litr su içilməlidir. Bu sadə şərtlərlə hündürdaban ayaqqabılarınızı sağlam şəkildə uzun illər geyə bilərsiniz.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !