Diktator kimdir? - ARAŞDIRMA

14:38 | 30.10.2013
Diktator kimdir? - ARAŞDIRMA

Diktator kimdir? - ARAŞDIRMA

Robert D. KaplanDiktator və ya avtoritar hökmdar kimdir? Mərcə girərəm ki, siz diktatorun kim olduğunu bildiyinizi düşünürsünüz. Amma ola da bilsin bilmirsiniz. Əlbəttə, Adolf Hitler, İosif Stalin və Mao Tzedun diktator olublar. Elə Səddam Hüseyn və ata-oğul Əsədlər də belədirlər. Amma bir çox hallarda vəziyyət çox da sadə və aydın deyil. Bir çox hallarda reallıq və məsələnin əxlaqi tərəfi daha mürəkkəbdir. Den Syaopin diktator idi, elə deyilmi? Hər halda o, 1978-1992-ci illərdə Çin Kommunist Partiyasının bossu idi. O, seçilməmişdi. O, qorxu vasitəsilə idarə edirdi. O, Pekində yerləşən Tyananmen meydanında etiraz edənlərin qətliamını təqdir etdi. Amma eyni zamanda Çini bazar iqtisadiyyatı istiqamətində apardı, bu da ölkə iqtisadiyyatı tarixində heç vaxt olmadığı qədər, həyat səviyyəsini və bir çox adamların şəxsi azadlıqlarını çox qısa müddətdə yüksəltdi. Bu nailiyyət Den Syaopini XX əsrin ən böyük insanlarından biri kimi dəyərləndirməyə və Uinston Çörçill, Franklin Ruzvelt kimi siyasətçilərlə bir səviyyədə tutmağa imkan verdi. Belə olduğu halda, Səddam Hüseynə, hətta Hüsni Mübarəkə bəslənilən münasibəti Den Syaopinə qarşı da sərgiləmək nə qədər ədalətlidir? Axı Misirin lideri Hüsni Mübarəkin avtoritar idarəetməsi öz xalqını açıq cəmiyyətə hazırlamaq üçün çox az işlər gördü. Amma bütün bu adları sadalanan adamların heç birisi xalq tərəfindən seçilməyib. Onlar hamısı insanları qorxu vasitəsilə idarə ediblər. Onda niyə onların hamısını diktator kateqoriyasına aid etməyək? Bəs Li Kuan Yu və Zin əl-Abidin Ben Əli necə olsun? Sinqapura rəhbərlik etmiş Li Kuan Yu öz hakimiyyətinin ilk illərində avtoritar üslubda idarə edirdi, bu, Ben Əlinin Tunisdə bütün hakimiyyəti dövründə idarəetməsinə bənzəyirdi. Demək, onların hər ikisi avtoritar adlandırılmağa layiq deyillərmi? Bununla belə, Linin sayəsində Sinqapur əhalisinin həyat səviyyəsi və keyfiyyəti bəzi kasıb afrika ölkələrinin 1960-lardakı səviyyəsindən Qərbin ən varlı ölkələrinin 1990-lardakı səviyyəsinə yüksəldi. O, həmçinin meritokratiya, yaxşı idarəetmə və dünya səviyyəli şəhər planlaşdırması qurdu. Linin iki cildlik memuarları Plutarxın "Zadəgan yunanlarının və romalıların həyatı" kitabının səhifələri kimi oxunur. Ben Əli isə, əksinə, təhlükəsizlik xidmətinin qulduru idi, o, qəddarlıq və korrupsiyanın ekstremal səviyyəsini uyğunlaşdırdı və onun idarəetməsi əsas etibarilə islahatların yoxluğu ilə müşayiət olundu. Mübarək kimi o da stabillik təklif etdi, amma bir az fərqli qaydada.Budur, biz artıq məsələnin mahiyyətinə yaxınlaşdıq. Dünyanın diktatorlar və demokratlar arasında ağ-qara rənglərə bölünməsi onlarla ölkədə siyasi və mənəvi çətinliyi nəzə almır. Bu iki kateqoriya – demokratlar və diktatorlar – bir çox ölkələrin və onların hökmdarlarının və eyni zamanda geosiyasətin adekvat anlaşılması baxımından həddən çox mürəkkəbdir. O, əlbəttə, primitiv və sadə düşüncəyə və eyni fikirlərə görə mövcuddur. Mürəkkəb modellərin sadələşdirilməsi insanlara əsas kritik həqiqətləri görməyə imkan verir, əks təqdirdə, bəlkə də qulaqardına vuracaqdılar. Amma reallıq öz təbiəti etibarilə çox mürəkkəb olduğundan, çox güclü sadələşdirmə dünyaya təcrübəsiz baxmağa gətirib çıxarır. Geosiyasətin yaxşı intellektuallarının və mütəxəssislərinin ən güclü tərəflərindən biri kompleks düşüncə tendensiyası və incə fərqləri görmək bacarığıdır.Həm geosiyasətdə, həm də siyasi elmdə dəqiq sərhədlər olmalıdır. Bu, o deməkdir ki, biz pis demokratlarla yanaşı, yaxşı diktatorların da olduğu dünyanı tanıyırıq. Dünya liderləri bir çox hallarda ağ-qara rənglərdə yox, həm də qara və ağ spektri əhatə edən qeyri-müəyyən çalarlarda təsnif edilməlidirlər.Daha bir neçə nümunə:Navaz Şərif və onun rəqibi, mərhum Benazir Bhutto, onlar 1990-larda növbə ilə Pakistanı idarə edərkən, çox dəhşətli administrator idilər. Onların hər ikisi xalq tərəfindən seçilmişdi, amma hər birisi bütünlüklə korrupsiyalaşmış, nizamsız və düşüncəsiz şəkildə idarə edirdilər və bununla da öz ölkəsini qeyri-sabit vəziyyətə gətirib çıxardılar və hərbi idarəçiliyin əsasını qoydular. Onlar demokrat idilər, amma qeyri-liberal demokrat idilər. İordaniyanın mərhum kralı Hüseyn və Cənubi Koreyanın mərhum rəhbəri Pak Cjon Hi diktator idilər, amma onların qeyri-stabil regionlarda dinamik və düşünülmüş idarəetməsi inkişaf və nisbi də olsa sabitlik gətirdi. Onlar diktator idilər, amma liberal diktatorlar idilər. Yer Kürəsinin ayrı-ayrı regionlarını əhatə edən bu siyasi və mənəvi çətinliklər fonunda bir çox modellər meydana çıxır. Bütövlükdə, asiya diktatorları daha yaxşı nəticələr göstərirlər, nəinki Yaxın Şərq diktatorları. Çində Den, Sinqapurda Li, Cənubi Koreyada Pak, Malaziyada Mahathir bin Məhəmməd, Tayvanda Çan Kayşi hamısı bu və ya digər dərəcədə avtoritar olublar. Amma onların avtokratiyaları iqtisadi və texnoloji inkişafa, idarəetmə keyfiyyətinin yüksəlməsinə, həmçinin həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxardı. Ən vacibi isə odur ki, onların idarəetmə üsulu qeyri-müəkəmməl olsa da, ümumilikdə, öz cəmiyyətlərini gələcək demokratiyaya yaxşı hazırlaya bildi. Bütün bu adamlar, həmçinin müsəlman Mahathir dolayı olsa da, iyerarxiyaya, ağsaqqallara və dünyanın etik qanunlarına hörmət bəsləyən konfutsiliyin təsiri altında idilər.Bunu ərəb diktatorları ilə müqayisə edin – Tunisdə Ben Əli, Misirdə Mübarək, İraqda Səddam və Suriyada Əsəd. Düzdü, Ben Əli və Mübarək daha repressiv idilər, nəinki Səddam və ata Əsəd. Bundan başqa, Ben Əli və Mübarək öz ölkələrində orta sinfi bir qədər inkişaf etdirə bildilər. Amma onlar bununçün istənilən vasitədən istifadə edən etik islahatçılar deyildilər. Əlbəttə, Səddam və Əsəd ümumiyyətlə amansız idilər. Onlar repressiyada boğularaq türmələri xatırladan dövlətləri idarə edirdilər. Səddam və Əsəd konfutsiçiliyə yox, baasizmə əsaslanırdılar, ərəblərin yetişməmiş sosializm doktrinası olan baasizm qərb müstəmləkəçiliyindən fərqlərinin olmasını qəzəblə inandırırdı, buna görə də öz ölkələrində ən qəddar tiraniya yarandı.Yaxın Şərq və Asiya sərhədlərindən kənarda Rusiya nümunəsi var. 1990-cı illərdə Rusiya Boris Yeltsinin hakimiyyəti altında idi, onu Qərbdə demokrat olduğuna görə tərifləyirdilər. Amma onun intizamsız idarəetməsi iqtisadi və sosial xaosa gətirib çıxardı. Vladimir Putin isə daha çox avtoritar modelə yaxındır və hələ də bu modelə riayət etməkdədir. Qərbdə ona mənfi münasibət bəsləyirlər. Amma o, Rusiyada müəyyən sabitlik qurdu və enerjidaşıyıcalı qiymətlərinin köməyi ilə sadə rusiyalıların həyatını kifayət qədər yaxşılaşdırdı. Və bütün bunları yüksək avtoritarizmdən yararlanmaqla, kütləvi yoxolmalarla, Sibir düşərgələri ilə etmədi, amma bir vaxtlar çarlar və komissarlar elə edirdilər.Nəhayət, mənəvi anlamda çox da xoş olmayan bir nümunə var – mərhum Çili diktatoru Avqusto Pinoçet. 1970-80-ci illərdə Pinoçet bir milyona yaxın yeni iş yerləri yaratdı, əhalinin 30 faizi kasıb ikən, onun hakimiyyəti dövründə bu göstərici 10 faizə endi. Uşaq ölümünün göstəricisi isə hər 1000 nəfərə 78-dən 18-ə endi. Pinoçetin Çilisi o zamanlar çox az sayda asiya ölkələrindən biriydi ki, burada iqtisadi artım ikirəqəmli idi. Pinoçet öz ölkəsini gələcək demokratik dövlətə də yaxşı hazırladı, çünki onun iqtisadi siyasəti inkişaf edən və post-kommunist ölkələri üçün model oldu. Amma Pinoçet həmçinin, dünyada liberalların və humanitarların dərin nifrətini qazanmışdı, çünki onun dövründə on minlərlə insan sistematik işgəncələrə məruz qalmışdır. Bəs eləysə, onu necə ağ-qara spektrə yerləşdirmək olar? Bu azmış kimi, beynəlxalq siyasət dünyası bizə çox qeyri-müəyyən çalarlar verir. O, həmçinin elə bir sferadır ki, kimisə bu spektrə aid etmək mümkün deyil. Əsas sual budur ki, istifadə edilən vasitə qarşıya qoyulmuş məqsədi doğruldurmu? Bunun cavabını yalnız metafizik doktrinalarda deyil, eyni zamanda empirik müşahidələrdə axtarmaq lazımdır – bəzən vasitə məqsədi doğruldur, bəzən də yox. Bəzən vasitələrlə məqsədlərin əlaqəsi yoxdur, buna görə də Çilidə olduğu kimi, ittiham olmalıdır. Dünya siyasətinin belə əxlaqi çətinlikləri var. Bu cür incə fərqlər nəzərə alınmalıdır, əks təqdirdə, geosiyasət, politologiya və bir-birinə bağlı intizamlar təhrif ediləcək və reallığı işıqlandırmayacaq.Tərcümə: Ramil RahiboğluANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM