DİM imtahanı niyə çətin olub? - Şagirdlər narazılıq edir - Ekspert naziri günahlandırır

12:11 | 13.03.2023
DİM imtahanı niyə çətin olub? - Şagirdlər narazılıq edir - Ekspert naziri günahlandırır

DİM imtahanı niyə çətin olub? - Şagirdlər narazılıq edir - Ekspert naziri günahlandırır

Martın 12-də Dövlət İmtahan Mərkəzinin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir qism şagird və müəllim heyəti imtahanın çətinliyindən şikayətçi olublar. Bu barədə abituriyent və müəllimlər sosial şəbəkə hesablarında paylaşım ediblər. 
 
İmtahan suallarının çətin olmasından narazı olan şagirdlərdən biri Samir İsgəndərovdur.
 
"Suallar çox çətin idi. Buraxılış imtahanı səviyyəsində suallar deyildi. Azərbaycan dilindən olan mətnlər çox uzun və qəliz idi. Başa düşmədiyimiz üslubda idi. Riyaziyyatdan isə açıq suallar çətin idi. On bir il oxuyur əziyyət çəkirik. Taleyimiz isə 3 saatın içində həll olunur. Bu bizim üçün travma, psixoloji təsirdi. Bəzilərimiz ailələrimiz tərəfindən təziqə məruz qalır. Bunu Elm və Təhsil Nazirliyi başa düşməlidir. Bu imtahan bizim taleyimizi həll edir", - İsgəndərov öz facebook hesabında yazıb. 
 
Abituriyent Qurban Məmmədov yazır ki, DİM tərəfindən imtahana salınan suallar türk nəşrindən olub.
 
"Tərtib olunan sualların içərisində türk nəşrlərindən suallar var idi. Mən başa düşə bilmirəm, bizim öz nəşrlərimiz yoxdur? Niyə türk nəşri? Eyni zamanda Azərbaycan dilində mətnlər çox uzun idi və çox vaxt aparırdı. Riyaziyyatın da açıq sualları onu kimi... 3 saata iki fənni zorla çatdırmaq olurdu. Bununla nazirlik nə etmək istəyir anlaya bilmirəm. Verilən 3 saat bizim taleyimizi həll edir", - abituryent narazılıq edərək qeyd edib.
 
İmtahan suallarının çətin olması ilə bağlı müəllimlər də narazılığını bildirib. 

Gəncədən olan müəllimi Ceyhun Hidayətov  yazır ki, bütün abituriyentlər imtahan suallarının orta məktəb proqramına uyğun olmadığını bildirirlər.
 
"İmtahandan çıxan şagirdlər ancaq imtahan suallarının çətinliyindən gileylənirdilər. Bu nə dərəcədə düzgündür? Əvvəla tələbə olacaq gənclərin Azərbaycan dilinin qrammatikasını bu dərəcədə öyrənmələri nəyə lazımdır? Mən 20 illik iş təcrübəmdə orta məktəbdə öyrəndiklərimin 30-40 faizini istifadə etməmişəm və hesab edirəm ki, imtahan suallarının bu dərəcədə çətin olması qəbul edilməzdir. Bəli dilimizi öyrənməliyik. Amma bu dərəcədəmi? Digər tərəfdən orta məktəb proqramında olmayan sualların imtahana salınmsında məqsəd nədir? Gecə gündüz çalışan abituriyentlər təhsil alacaqları universitetlərdə bu əldə etdikləri bilikləri istifadə edəcəklərmi? Azərbaycan dilindəki sualların bu dərəcədə çətin olması təhsilə xidmət etmir", müəllim öz sosial hesabında paylaşım edərək yazıb. 
 
Təhsil eksperti Kamran Əsədovun fikrincə, imtahan suallarına görə, monitoriqin keçirilməməsi onu göstərir ki, Elm və Təhsil Nazirliyi təhsilə nəzarət edə bilmir. 
 
"Buraxılış imtahanları ölkədə miqyasına və əhatə dairəsinə görə ən böyük imtahandır. Bu qədər vacib imtahana Elm və Təhsil nazirliyinin reaksiyası hiss olunmur. Ölkənin 150 min orta məktəb müəllimi bu quruma tabedir. Ali təhsil müəssisələrində, AMEA-da və digər tədris-metodik mərkəzlərdə yüz minlərlə mütəxəssisi var. Amma özünü yox bir qurum kimi göstərir. Hələ Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA ) aylıq hər sezon 200 min manat pulu bəxşiş verdiyi, qondarma olimpiyada keçirilən təşkilatın "savadlı" üzvlərinin buraxılış imtahanında istifadə olunan test tapşırıqlarına münasibətini, reaksiyasını görmürəm. İşləri ancaq trolluq, ancaq yaltaqlıqdan ibarətdir. Normalda təhsilə, imtahanlara obyektiv qiymət verən təşkilatlanma olmalıdır. Bildikləri, bacardıqları ancaq trolluq eləmək, dost-tanışlarını vəzifəyə gətirmək, dövlət büdcəsini qrant layihələri vasitəsilə talamaqdır", - ekspert söyləyib. 
 
Əsədov deyir ki, DİM suallarının məzmunuda heç bir problem yoxdur.
 
"Problem həmin məzmun standartlarına uyğun orta məktəblərdə dərslərin keçirilməməsindədir. Əvvəllər imtahanlarda 300- 270 bal toplayanlar şagirdlərimiz indi 200 balı güclə toplayırlar. Bu onu göstərir ki, sualların ağırlıq səviyyəsi dəyişib. Bundan başqa artıq orta məktəblərdə dərs keçirilmir. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi Təhsilə nəzarət edə bilmir. DİM sualları açıq müzakirəyə qoyulmalıdır. Başa düşmürlər ki, 3 saat ərzində o sualları oxumaq, misalları həll etmək və s. çatdırmaq olmur. Mənə görə, dünənki suallar kifayət qədər ağır və çətin suallar idi. Təkcə riyaziyyat deyil hər 3 fənnin sualları ağır idi. Ümumiyyətlə təhsilimiz 2 ildi bərbad vəziyyətdədir. Bir dəfə də olsun Elm və Təhsil Nazirliyi keçirilən imtahanlara münasibət bildirməyib. Biz dünən monitorinq keçirdik. İmtahandan çıxan heç bir şagirdin üzü gülmürdü",- ekspert  vurğulayıb.
 
Martın 12-də keçirilən imtahanda 50823 şagird iştirak edib.
 
Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM