DİP “Azərbaycan qadınları 21-ci əsrdə” mövzusunda konfrans keçirdi - FOTOLAR

18:43 | 09.12.2014
DİP “Azərbaycan qadınları 21-ci əsrdə” mövzusunda konfrans keçirdi - FOTOLAR

DİP “Azərbaycan qadınları 21-ci əsrdə” mövzusunda konfrans keçirdi - FOTOLAR

Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə "Azərbaycan qadınları 21-ci əsrdə” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan partiya sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycan qadınları 21-ci əsrin çağırışlarına cavab verməklə, öz fəal, savadlı, dünyadakı qadınlarla rəqabətdə irəli çıxmaq bacarıqları ilə yenə də Türk və İslam aləmindəki öncül qadın rolunu öz üzərinə götürməlidir. "Müsəlman şərqində ilk olaraq Azərbaycanda gender balansını ehtiva edən qanunvericilik bazası yaradılmış, qadına seçki hüququ verilmişdi. Bu hətta ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl olmuşdu. Bu o vaxt idi ki, hələ Almaniya "uşaq-mətbəx-kilsə” qapalı üçbucağından çıxa bilməmişdi. İndi isə Azərbaycan qadınlarının qarşısında yeni tələblər dayanır. Qadınlar keyfiyyətli təhsil almalıdırlar ki, öz ləyaqətli həyatlarını təmin edə bilsinlər. Bu gün təhsil sahəsində işləyən qadınların sayı çoxdur və onlar dövlət qayğısı ilə əhatə olunmalıdırlar. Amma biz istəyirik ki, qadınlar daha da inkişaf etsinlər və ölkənin ictimai-siyasi həyatında önə çıxsınlar. Partiyanın bu konfransı təşkil etməkdə də əsas məqsədi Azərbaycan qadınlarının fəallığının artırılması üçün səmərəli fikir və təklifləri dinləməkdir. Burada səslənən fikirlər əsasında təkliflər paketi hazırlanaraq müvafiq icra və qanunverici hakimiyyətlərə təqdim ediləcək”.

Sonra DİP Siyasi Şurasının üzvü, "Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva "Azərbaycanda qadın liderliyi: problemlər və çıxış yolları" mövzusunda məruzə edib. Qadınların idarəetmədə, qanun yaradıcılığında, seçkilərdə, sahibkarlıqda, təhsil prosesində, diplomatik fəaliyyətdə iştirakına dair statistika, aparılmış tədqiqatların nəticələri barədə danışıb. "Sovet dövründə qadınlar üçün kvotalar sistemi vardı. O vaxt hansı qadının cəmiyyətin önündə olması sualına daha asan cavab tapılırdı. O məhz zəhmətkeş, çoxlu keçici və qırmızı bayraqlara layiq görülmüş qadın obrazı idi. Bu obrazı isə əsasən kolxozçu və fəhlə qadın formalaşdırırdı. Ən nümunəvi qadın ən çox süd sağan, ən çox pambıq və tütün becərən qadın idi. Sovet quruluşu dəyişincə öncül qadın standartları da dəyişməyə başladı. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycan cəmiyyətində öncül qadın, lider qadın obrazının necə olmalı olduğu barədə sistemli təsəvvürlər formalaşmayıb” – deyən natiqin fikrincə, 21-ci əsr Azərbaycan qadınının qarşısına çox böyük missiyalar qoyur. Azərbaycan qadınları bu irəli texnologiyalar, inkişaf və böyük irəliləyişlərin gözlənildiyi əsrdə öz yolunu və funksiyalarını müəyyənləşdirməlidir. 

"Biz necə etməliyik ki, dünyadakı tərəqqi ilə ayaqlaşaq və rəqabətə davam gətirə bilək?” – deyən Ü.Abdullayeva qadınlarla bağlı apardıqları tədqiqatların nəticələrini açıqlayıb. Qeyd edib ki, bu gün qadınları ən əvvəl ailə, sağlamlıq və reprodiktiv sağlamlıq imkanları, maddi təminat, gözəl geyinmək, yüksək məişət həyatı maraqlandırır. Təhsil, qadın hüquq və azadlıqları, diskriminasiyalar sonra gəlir. Liderlik, hakimiyyət, idarəetmə, öz avtoritetini formalaşdırma, siyasi mədəniyyət, ictimai şüur isə qadınlar üçün sonuncu yerlərdədir. Halbuki cəmiyyəti təşkil edən insanları məhz qadın dünyaya gətirir və tərbiyə edir. Ona görə də qadının ictimai-siyasi həyatın formalaşmasında fəallıq etməsi vacibdir. Ü.Abdullayeva problemlərin həllinə dair DİP-in təkliflərini diqqətə çatdırıb. 

Müzakirələr zamanı millət vəkillərindən Sevinc Fətəliyeva, Ceyhun Osmanlı, bir sıra yerli və beynəlxalq təşkilatların rəhbərləri, müvafiq nazirlik və komitələrin, ali və orta təhsil müəssisələrinin təmsilçiləri mövzu barədə fikir və təkliflərini ifadə ediblər. Burada qadınlar üçün diskussiya və intellektual klubların, resurs mərkəzlərinin yaradılması, onların ictimai müzakirələrə cəlb olunması, informasiya-kommunikasiya texnologiyaları sistemindən səmərəli istifadəyə istiqamətləndirilməsi, dövlət idərəçiliyində qadınlar üçün kvotaların müəyyənləşdirilməsi, erkən evliliyin və təhsildən tez ayrılmanın, selektiv abortların qarşısının alınması barədə təkliflər səsələndirilib. 

ANN.Az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb