"Dünyanın heç bir ölkəsində ödənişsiz təhsil yoxdur" - Təhsil Nazirliyindən açıqlamalar

15:04 | 26.01.2015

"Dünyanın heç bir ölkəsində ödənişsiz təhsil yoxdur" - Təhsil Nazirliyindən açıqlamalar

Bugünlərdə Azərbaycan Respublikasnın Prezidentinin Təhsilin inkişafı üzrə Dövlət strategiyasının fəaliyyət planı təsdiq olundu. Bu sənəd Azərbaycan Təhsilinin strateji bir sənədi olaraq, təhsilin bütün pillələri ilə bağlı, fəaliyyət istiqamətləri ilə bağlı yol xəritəsidir. 
 
Təhsil Nazirliyinin Təhsilin inkişafı üzrə Dövlət strategiyasının fəaliyyət planı ilə əlaqədar keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov media nümayəndələrinin suallarını cavablandırıb.
 
Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev Təhsilin inkişafı üzrə Dövlət Strategiya planı haqqında danışarkən bildirdi ki, bu plan artıq 2013-cü ilin oktyabr ayında imzalanıb: "Bu strategiya Azərbaycanın bütün təhsil sistemi üçün hazırlanmış strateji sənəddir. Fəaliyyət planında isə daha çox strategiyada nəzərdə tutulmuş hədəflərə çatmaq nəzərdə tutulmuşdur. Təhsil strategiyasında demək olar ki, təhsillə bağlı bütün məsələlərə toxunulub. Bu strategiyanın özü ümumilikdə təhsilin məzmununu, müəllimləri, idarəetməni və maliyyələşməni əhatə edir. Fəaliyyət planı isə fəaliyyətlərin nə zaman, hansı əsaslarda yerinə yetirilməsini əhatə edən sənəddir". 

Emin Əmrullayev dərs yükü norması məsələsinə toxunduqda isə bildirdi ki, sərəncamda göstərildiyi kimi müəllimlərin dərs saatının deyil, dərs yükü normasının artırılmasından söhbət gedir: "Bu o demək deyil ki, məcburi şəkildə bütün müəllimlərin dərs saatı artacaq. Dərs yükü normasının 12 saatdan 18 saata kimi artırılması nəzərdə tutulur. Buna uyğun olaraq müəllimlər artıq 1 stavkada 18 saat dərs yükü ilə işləyəcəklər. Amma bu o demək deyil ki, müəllimlərin hamısının dərs yükü məcburi şəkildə 18 saata kimi artırılmalıdır. Müəllimlərin dərs yükünü tədricən artırmaq üçün gələcəkdə müxtəlif tənzimləmə vasitələrindən istifadə edilə bilər. Ümumilikdə, əməkhaqqının artırılması çətin məsələdir. Müəllimlərin əmək haqqının artırılması zamanı müəllimin 1 stavka əmək haqqına düşən məbləğ artır. Bu da ancaq Bakıda sınaq qiymətləndirməsindən keçən müəllimlərə şamil olunacaq. Regionlarda isə bu islahatı o zaman həyata keçirmək mümkün olacaq ki, bunun üçün zəmin yaradılsın”.
 
Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev ödənişli təhsil sistemin ləğv olunması ilə bağlı danışarkən qeyd edib ki, fəaliyyət planında belə bir bənd var ki, ali və orta təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi, təhsilə görə ödənişin ləğv olunması mənasına gəlmir. Burada ödənişli əsaslarla qəbul olan tələbələrin sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq. Təhsil haqqı isə əvvəlki qaydada mövcud olacaq. Bu da ali və orta ixtisas məktəblərinin potensialı, maddi texniki bazası, elmi pedoqoji potensialı, mövcud laboratoriya bazası nəzərə alınmaqla, imkan verdiyi əsaslarla ödənişli tələbə qəbulu həyata keçiriləcək. Dünyanın heç bir yerində ödənişsiz təhsil yoxdur. Ödəniş sadəcə olaraq dövlət büdcəsindən maliyyələşir və yaxud ödənişli əsaslarla təhsil alan tələbə tərəfindən ödənilərək həyata keçirilir".
 
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov 12 illik təhsillə bağlı çıxışında bildirdi ki, 12 illik təhsil bu strategiyada nəzərdə tutulub: "Dünyanın əksər ölkələrində xüsusən inkişaf etmiş ölkələrdə ümumtəhsilin müddəti 12 il və daha artıqdır, hətta 13 il olan məktəblər də var. Ümumtəhsil müddətində inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmağa artıq biz də nail olmağa çalışırıq. Bu məsələ təhsil strategiyasına əlavə olunub. 12 illik təhsilə keçid o qədər də sadə proses deyil. Azərbaycanda təhsilin müddəti 11 ildir. Bu 11 il ərzində 4 il ibtidai təhsil, 6 il ümumorta təhsil, 2 il isə tam orta səviyyəli təhsil pillələri nəzərdə tutulub. 12 illik təhsilə keçid prosesi bir çox məsələlərlə əlaqədardır. 12 illik təhsil tədris planlarının köklü şəkildə dəyişilməsi, yəni bütün dərsliklərin dəyişdirilməsi ilə nəticələnməlidir ki, buna da uzun müddət vaxt lazımdır. Nəzərə alsaq ki, təhsil standartlarında müddətin 5 il nəzərdə tutulması, yəni bu 5 ildə təhsildə əldə olunan inkişaf prinsipini nəzərdə tutur. 12 illik təhsillə bağlı kurikulumların hazırlanması üçün ilk növbədə işçi qruplarının hazırlanmasından başlayacağıq. Burada təbii ki, mütəxxəsislərdən ibarət işçi qrup olmalıdır. Və hazırkı kurikulumlarımızı təhlil etməliyik. 12 illik təhsilə keçidin müsbət cəhəti odur ki, burda mövcud olan tədris proqramları genişləndirilir, uşaqların sağlamlıqlarının təhlükəsizliyi qorunur. Uşaqlarda təhsilə marağı daha da artırmaq məqsədilə tədbirlər həyata keçirilir. 12 illik təhsil sisteminə keçdikdə, artıq burda 10 illik ümumorta təhsil və 2 illik tamorta təhsil səviyyəsi müəyyənləşdirilir. Bu 12 illik təhsil prosesinə keçid mərhələsini ətrafında biz ətraflı fikir mübadiləsi aparacağıq və qərar qəbul edəcəyik.  Amma hələ bu barədə danışmaq düzgün deyil. Hazırlıq işləri başlayandan sonra, bu mərhələ barədə söz açmaq olar. 

Bundan başqa, Aydın Əhmədov qeyd etdi ki, 1992-ci ilə qədər Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilib: "İşləyən müəllimlərin 1 stavka dərs yükü 18 saatla müəyyən edildi. Müəllimlər üçün 1 stavka dərs üçün 18 saata nə qədər əmək haqqı düşürdüsə, 1992-ci ildən sonra 1 stavka üçün dərs yükü 12 saata qədər azaldıldı. 1992-ci ildən bu günə qədər dərs yükü normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqləndi. Bu da təhsildə müəyyən problemlərə səbəb oldu". 

Uşaqların məktəbəqədər hazırlığı məsələsindən danışanda  Aydın Əhmədov bildirdi ki, bir qayda olaraq uşaqların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir: "Ancaq nəzərdə tutulur ki, məktəbəqədər hazırlıq məktəbəqədər hazırlıq müəssisələri ilə yanaşı, məktəblərin özlərində də təşkil olunsun. Bu, uşaqların məktəbəhazırlıqla əhatə olunmasına daha məhsuldar şərait yaradacaq. Bu ildən Bakının seçilmiş 89 pilot məktəbində məktəbə hazırlıq qrupları yaradılıb. Bunların tədris planı, təhsil proqramları hazırlanıb və təsdiq olunub. Gələcəkdə təbii ki, bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Amma eyni zamanda bunu da qeyd etmək lazımdır ki, hər hansı bir məsələnin tam həllinə keçməzdən əvvəl mövcud şərait təhlil olunmalıdır. Buna görə də, əhalinin ehtiyacı, xüsusilə kənd yerlərində, müəyyən yaşayış məntəqələrində məktəb yaşlı uşaqları sayı, müəssisələrin infrastrukturu nəzərə alınmaqla məsələni həll etmək lazımdır. Sözsüz ki, biz buna başlamışıqsa, hazırda mövcud olan məktəbəqədər təhsil müəssisələrin heç də hamısında məktəbəqədər hazırlıq qrupları yoxdur. Bu müəyyən şəraitlə əlaqədardır. Ancaq bunu məktəblərdə təşkil etmək yaxşıdır. Nəzərə alsaq ki, ölkə ərazisinin bir çox hissələrində, yaşayış məntəqələrində məktəbəqədər hazırlıq müəssisəsi yoxdur, onda bu işin nə qədər çətin olduğu məlum olur”. 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev müəllimlərin əmək haqqı məsələsindən söz açarkən qeyd etdi ki, müəllimlərin əmək haqqısı dərəcələrdən asılıdır: "Həmin dərəcələr iki meyardan ibarətdir. Müəllimin təhsili və müəllimin iş təcrübəsi. Gələcəkdə isə bu strategiyada nəzərdə tutulan isə bu iki meyarla yanaşı, müəllimin iş həyatında gördüyü işlərin nəticəsinin nəzərə alınmasıdır. Həmin mexanizmin hazırlanması üzərində hal-hazırda iş gedir". 


Orxan Aslanlı
 
ANN.Az
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM