Bir neçə gün bundan öncə, "1969” qalareyasında gürcü və azərbaycanlı rəssamların iştirakı ilə "Dostluğun gücü” adlı rəsm sərgisi keçirildi. Tədbir Beynəlxalq Qadınlar Bayramı günü münasibəti ilə təşkil olunmuşdu. Təşkilatçılar Gürcüstan-Azərbaycan Mədəni Birliyi, "1969” qalereyası və "İrşad” oteli idi.
Sərgidə iştirak edənlər çox idi. Onların hər biri bu gözəl sənət nümunələrinə diqqətlə baxır, rənglərin harmoniyasından zövq alırdılar.
Sərgi salonunun bütün divarlarında rəsm əsərləri asılmışdı. Rəsm əsərləri öz həcminə, rənginə və məzmununa görə fərqlənirdi. Rəssamların bu işlərə sərf etdiyi əmək və sevgi onların ortaq tərəfi idi. Bu sərgidə hər bir rəssam minimum iki işi ilə iştirak edirdi.
Daha sonra tədbirin rəsmi açılışı oldu. Tədbiri Azərbaycanın əməkdar rəssamı, Rəssamlar Birliyinin üzvü, Rusiya İmperatoru adına Rəssamlar Akademiyasının akademiki Sakit Məmmədov açdı. O, xalqlar arasında bu kimi dostluq münasibətlərini möhkəmlədən tədbirlərin mühümlüyünü vurğuladı. O, bu sərgidə, onun şagirdi olmuş rəssamların rəsm əsərlərinin, məşhur rəssamlarla bir sərgidə iştirak etməsindən çox məmnun olduğunu qeyd etdi.
Bundan sonra o, sözü Gürcü-Azərbaycan Mədəni Əlaqələri Birliyinin sədri, rəssam və jurnalist Tamar Lamparadzeyə verdi. Tamar xanım sərginin iştirakçılarını salamladı və təşkilatçıları bu gözəl tədbiri təşkil etdikləri üçün onlara təşəkkür etdi.
"İrşad” otelinin sahibi, fəlsəfi elmlər doktoru, professor Rafiq Əliyev sərginin iki dost xalqın – gürcü və azərbaycanlı – mədəni həyatında daha bir xoşagələn hadisə olduğunu vurğuladı.
Azərbaycan tərəfindən söz alan rəssam Aida Ali, "Dostluğun gücü” adlı sərgidə iştirak edən hər kəsi salamladı və onlara təşəkkür etdi. Bu kimi gözəl sərgidə iştirakından məmnunluğunu dilə gətirdi.
Sona yaxın, mikrafona məşhur rəssam Tahir Salahovun qızı Aydan Salahova yaxınlaşdı. O, tədbirdə iştirak edənləri salamladı. "Dostluğun gücü” əla sərgidi. Mən çox istərdim ki, bu kimi sərgilər hər iki ölkədə keçirilsin” - deyən Aydan xanım qadınları 8 mart bayram günü münasibətilə təbrik etdi.
Təşkilatçılar bütün iştirakçıları rəsm əsərlərinə baxmağa çağırdı. İmkandan istifadə edərək mən Gürcü-Azərbaycan mədəni əlaqələr birliyinin rəhbəri Tamar Lamparadze ilə ANN.Az üçün müsahibə götürdüm. Tamar xanım bu kimi mədəni tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq gələcəkdə də bunların davam edəcəyinə ümid etdiyini bildirdi. "Biz bu birliyi Cavanşir Xadiyevlə bir yerdə yaratmışıq. Bizim məqsədimiz, Azərbaycan mədəniyyətini Gürcüstanda, Gürcüstan mədəniyyətini Azərbaycanda təbliğ etməkdir. Biz bir çox başqa tədbirlər də keçirmişik. Onların arasında, azərbaycanlı rəssamların Tiflisdə sərgisinin təşkilini, Azərbaycan filmlərinin Gürcüstanda nümayişini, Azərbaycan incəsənət adamlarının Gürcüstana dəvətini və s. göstərmək olar. Birliyin fəallığı sayəsində biz, qonşu dövlətin mədəni həyatında baş verənləri gürcü gənclərinə çatdıra bilirik” - deyə Tamara xanım bildirdi.
Tamar xanım sərginin adının nədən "Dostluğun gücü” adlandırıldığını da aydınlıq gətirdi. "Məsələ burasındadır ki, mən hər zaman dostluğa güvənirəm. Mən bu qədər azərbaycanlı dostumun olması ilə fəxr edirəm. Mən Azərbaycana, Bakıya vurğunam və buna görə bu sərginin təşkilində bizə kömək edən hər kəsə dərin təşəkkürlərimi çatdırıram”.
Qeyd etməyə dəyər ki, bu birliyə yüzdən çox rəssam, yazıçı, musiqiçi, kino və elm adamı üzvdür. Bu təşkilat qısa müddətdə keçirdiyi tədbirlərlə Azərbaycan və gürcü cəmiyyətində rezonans doğura bilib.
Sakit Məmmədovun müəllimi olduğu istedadlı və gənc rəssam Turan Muxtarzadə "Dostluğun gücü” sərgisində iki işi ilə təmsil olunurdu. Bu əsərlər öz orijinallığı və kreativliyi ilə diqqəti çəkirdi.
Azərbaycanlı digər rəssam Ellada İsmayılovanın rəsm əsərləri də süjet xəttinə, insanda yaratdığı hisslərə görə fərqlənirdi.
Gürcü rəssam Tinatin Sanikadzenin işləri, mənim xüsusi marağıma səbəb oldu. O, təkcə yağlı boyalar rəsmlər çəkmir, dəqiq və qüsursuz qrafik işləri ilə də maraq yaradırdı.
Bu da, bu mükəmməl rəsmin müəllifinin özü.
Məşhur gürcü rəssam Besik Arbolişvili azərbaycanlı tamaşaçıları üçün qadın rəsmlərini və azərbaycanlı rəssamların çəkməkdən xoşlandıqları nar rəsmiləri sərgidə təqdim edirdi.
Məşhur gürcü rəssam Amiran Qoqlaşvili Slovakiya, Bolqariya, Russiya, Gürcüstan vəs ölkələrin sərgilərində iştirak etmişdi. Onun rəsm əsərləri Fransanın, Amsterdamın, Finlandiyanın, ABŞ-ın, Türkiyənin, Rusiyanın və Gürcüstanın tarix müzeylərində və eləcə də şəxsi lolleksiyalarda qorunur. Onun rəsmlərinin süjetini sadə gürcünün gündəlik həyatı təşkil edir.
Tədbir boyu xoş abu-hava hökm sürdü.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !